AZ

Avropa Məhkəməsi Eldar Mahmudovun şərlədiyi sabiq nazirin şikayətini təmin etdi

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İnsan Hüquqları Məhkəməsi  mərhum prezident  Heydər Əliyev hökümətinin xarici iqtisadi əlaqələr naziri olmuş  Nicat Quliyevin şikayəti ilə bağlı qərar qəbul edib.

Avropa Məhkəməsindən Gununsesi.info-ya göndərilən məlumatda bildirilir ki, 2013-cü ilin avqustunda  ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən Nicat Quliyev mühakimə olunarkən  Konvensiya ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Məhkəmə nəticəyə gəlib ki, ərizəçinin ona qarşı sübutlara effektiv etiraz etmək, lehinə sübut təqdim etmək və əsaslandırılmış qərar almaq hüququ təmin edilməyib.

“Bu faktorlar cinayət icraatını bütövlükdə ədalətsiz edib. Nəticədə, Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndləri pozulub” deyə qərarda yazılıb.

Məhkəmə, Konvensiyanın digər maddələri üzrə şikayəti araşdırmağa ehtiyac görmədiyini vurğulayıb.

Məhkəmə qərarında, həmçinin hökumətin Nicat Quliyevə 6 min avro kompensasiya ödəməsi də əksini tapıb.

Qeyd edək ki, Nicat Quliyev 3 illik həbs həyatından sonra ailəsi ilə xaricə köçüb.

Gununsesi.info-ya açıqlamasında məhkəmə qərarını şərh edən sabiq nazir bunları deyib:

“Bütün bu illər ərzində mən milli institutlar tərəfindən qanuni və ədalətli qərarın qəbul olunmasına çalışmışam. Ümid edirdim ki, müvafiq qurumlar ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin divarları içində qeyri-sağlam ünsurlar tərəfindən uydurulmuş və tam şəkildə saxtalaşdırmalara əsaslanan bu işə obyektiv qiymət verəcəklər. Təəssüf ki, bu baş vermədi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək bütün milli müdafiə vasitələri tükəndikdən sonra məcburi addıma çevrildi.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənim şikayətim üzrə qəbul etdiyi qərar cinayət təqibi zamanı ədalətli məhkəmə araşdırması hüququnun ciddi şəkildə pozulduğunu təsdiq etmişdir. Mən bu qərarı qurama iş üzrə təqib və məhkum olunduğumun tanınması kimi qiymətləndirirəm.”

Nicat Quliyev, həmçinin bildirib ki, ədalət, gec də olsa, formal olaraq hüququ bərpa edir: “Lakin itirilmiş illəri, nüfuz itkilərini və insanın taleyində və həyatında yaratdığı fəsadları tam şəkildə kompensasiya etməyə qadir olmur. Bu qədər gec gələn ədalət, ümumiyyətlə olmamalı olan və yerli məhkəmələr tərəfindən qərəzsiz və vicdanlı şəkildə araşdırıldığı təqdirdə cinayət prosesinə gətirib çıxarmayacaq uzunmüddətli təqibin nəticələrini aradan qaldıra bilmir. Uzun illər sonra bilə-bilə qəsdən hüquqazidd hərəkətlərin tanınması qaçılmaz olaraq natamamlıq hissi yaradır. Söhbət beynəlxalq qərardan sonra belə aradan qaldırılması mümkün olmayan nəticələrə səbəb olmuş hadisədən gedir.

Avropa İnsan Hüquqları Məhkəməsi mühüm müdafiə mexanizmi olaraq qalır, lakin belə bir institutun effektivliyi yalnız onun qərarların keyfiyyəti ilə deyil, həm də onların məqbul müddət ərzində qəbul olunması ilə qiymətləndirilir. Aşkar pozuntulara yekun hüquqi qiymət uzun müddətdən sonra verildikdə, bu, operativ beynəlxalq müdafiə ideyasına olan etimadı sarsıdır və insanda müdafiəsizlik hissini gücləndirir.

Avropa Məhkəmənin insan hüquqlarının müdafiəsində mühüm mexanizmlərdən biri kimi rolu əhəmiyyətlidir. Onun fəaliyyəti nə qədər mürəkkəb olsa da, şikayətə baxılma müddəti onu göstərir ki, qərarın vaxtlı vaxtında verilməsi və lazımi hüquqi qiymət alması nə dərəcədə vacibdir. Ola bilsin ki, məhz belə işlər institusional düşüncə üçün əsas olmalıdır — necə, yüksək hüquqi dəqiqlik standartını qorumaqla yanaşı, insan hüquqlarının açıq və ağır şəkildə pozulduğu işlərə daha ağlabatan vaxtda baxılması təmin edilməlidir.

Əlbəttə kİ, ədalət milli sistem daxilində başlamalı və bərqərar olmalıdır. Yalnız bu halda hüquq həqiqətən qoruyur və sınaq alətinə çevrilməsinə imkan yaranmır”.

Xatırladaq ki, Nicat Quliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıldan sonra  evindən silah “tapılıb”.

Sabiq nazirin vəkili olmuş mərhum Elton Quliyev bildirirdi ki, MTN-in 30-a yaxın maskalı silahlı əməkdaşı evdə yalnız Nicat Quliyevin həyat yoldaşının və azyaşlı qız uşaqlarının olduğunu bilə-bilə yaşadığı bağ evinə geceyarısı divarın üstündən aşaraq basqın etmişdilər.

Onu da qeyd edək ki, Nicat Quliyevin həyat yoldaşı tanınmış prokuror və millət vəkili Yılmaz Axundzadənin qızı, dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəvəsidir.

Nicat Quliyevin işinin araşdırması zamanı  o da məlum olmuşdu ki, Nicat Quliyevin evindən “çıxan” tapança, Pərviz Həşimlinin avtomobilinə qoyulan tapançanın nömrə ardıcıllığa ilə uyğunluq təşkil edir və eyni qutuya məxsus silhadır.

Avropa Məhkəməsi iki ay əvvəl Pərviz Həşimlinin də şikayətini təmin etmişdi.

Nicat Quliyev 3 il həbs həyatı yaşadıqdan sonra azadlığa buraxılıb. Onun hüquqlarını Azərbaycanın tanınmış vəkilləri mərhum Elton Quliyev, mərhum Adil İsmayılov, Fuad Ağayev və Əfqan Məmmədov müdafiə edib.

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
icma.az

1Mənbələr