AZ

Bərdə bələdiyyəsinin fəaliyyəti razılıq doğurur

Yerli özünüidarəetmə strukturlarında həyata keçirilən islahatlar bələdiyyə qurumlarının fəaliyyətində əhəmiyyətli dəyişikliklərlə müşayiət olunur. Ötən seçkilərdən sonra yerli bələdiyyələrin əksəriyyəti işini yeni tərkibdə quraraq qarşıya qoyulan vəzifələrin uğurla reallaşmasına nail olur. Vətəndaş məmnunluğunun təmin edilməsinə çalışır.

Bərdə bələdiyyəsi istər əhatə etdiyi ərazi baxımından, istərsə də əhalinin sayına görə xeyli üstünlüyə malikdir. Bu yerli özünüidarəetmə qurumu əvvəl yalnız Bərdə şəhərindən ibarət idisə, son seçkilərdən sonra şəhərə yaxın olan Qaradağlı, Türkmən və Alaçadırlı kəndlərini də əhatə edir.

Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədov söhbət zamanı ötən ilin yekunlarından, qarşıda duran vəzifələrdən danışır:

- Ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi idarəetmədə işin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Bunu ötən ilin nəticələri də təsdiq edir. 2025-ci ildə Bərdə bələdiyyəsinin büdcə gəlirləri 233 min manat olmuşdur. Gəlirlərin əsas mənbəyi torpaqların icarəyə verilməsi, fiziki şəxslərdən əmlak və torpaq vergisidir. Bundan əlavə, torpaq satışından və mədən vergisindən xeyli gəlir əldə etmişik. İl ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən toplanan əmlak və torpaq vergisi ödənişində hiss olunur.

Ruslan Əhmədovun söhbətindən məlum olur ki, keçən il bələdiyyə büdcəsindən 173,7 min manat vəsait xərclənib. Ötən il torpaq ayrılması proseduruna başlanılmış, bu sahədə xeyli iş görülmüşdür. Sahibkarlıq məqsədilə və fərdi mənzil tikintisi üçün torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında qərarlar qəbul edilmişdir. Fərdi mənzil tikintisi üçün 5460 kvadratmetr ölçüdə torpaq sahəsi alqı-satqı yolu ilə 13 nəfərin mülkiyyətinə keçirilmişdir. Bundan əlavə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən 11 nəfərə 877 kvadratmetr torpaq sahəsi mülkiyyətə verilmişdir. 5 nəfər isə 491 kvadratmetr ölçüdə torpaq sahəsini subicarəyə götürmüşdür.

Bərdə bələdiyyəsi ərazisindəki park, bağ, küçə və yolların nümunəvi saxlanması və mühafizə edilməsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə keçən il təmir və abadlıq işlərinə 46 min manat bələdiyyə vəsaiti xərclənmişdir. Diqqət ayrılan, önəm verilən sahələrdən biri də imkansız ailələrə, tənha yaşayan kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq bağlamaları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində həyata keçirilir.

Bərdə bələdiyyəsinin əhatə etdiyi şəhər və kənd sakinlərində məmnunluq yaradan bir məsələ xüsusi qeyd edilməlidir. Bu, kommunal xidmətin təşkili ilə bağlıdır. Bələdiyyənin təşəbbüsü ilə bağlanan müqavilələr əsasında şəhərlə bərabər hər üç kənddə vaxtaşırı evlərdən məişət tullantıları götürülür. Əvvəllər kəndlərdə heç vaxt işlər bu cür təşkil edilməyib. Bu yenilik, heç şübhəsiz, kəndlərin, məhəllələrin təmizliyinə, abad olmasına əhəmiyyətli təsir göstərir.

Bərdə bələdiyyəsi cari ildə yeni məqsədlər hədəfləyib. İstehsal və emal sahələri yaratmaq diqqət mərkəzində olacaq. İş yerləri açaraq, xüsusən, gənclərin faydalı məşğulluğunu təmin etmək də bələdiyyənin hədəfləri sırasındadır. 

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr