AZ

Bərabərhüquqlu dünya nizamı uğrunda

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekolonizasiya təşəbbüsləri və müasir çağırışlar

Dünya tarixində müstəmləkəçilik uzun əsrlər boyunca müxtəlif qitələrdə siyasi, iqtisadi və mədəni təsir mexanizmləri vasitəsilə insanların azadlığını məhdudlaşdırıb. Müstəmləkə siyasəti yürüdən dövlətlər ərazilərin resurslarını istismar etməklə yerli xalqların öz müqəddəratını təyin etmək hüququnu əngəlləmiş, beynəlxalq münasibətlərdə bərabərhüquqlu sistemin formalaşmasına mane olublar. Buna cavab olaraq XX əsrin ortalarından başlayaraq dekolonizasiya prosesləri tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm addıma çevrildi. Lakin müasir dövrdə müstəmləkəçiliyin yeni formaları – neokolonializm hələ də dünya siyasətində öz təsirini göstərməkdədir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin fevralın 16-da baş tutan sessiyasında səsləndirilən mesajlar bir daha göstərdi ki, dekolonizasiya məsələsi dünya miqyasında aktualdır və prosesin tam başa çatdırılması beynəlxalq ictimaiyyətin prioritetlərindən biri olaraq qalır. BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində qeyd edilib ki, təşkilatın yaranması zamanı əsas məqsəd dövlətlər arasında “idarə edənlər və tabe olanlar” sistemi olmayan bərabərhüquqlu münasibətlər yaratmaqdır. Hələ 1945-ci ildən etibarən dünya miqyasında 100-dən çox ölkə müstəqillik əldə edib, öz müqəddəratını təyin etmək hüququnu reallaşdırıb. Lakin müstəmləkəçiliyin təsirləri, o cümlədən iqtisadi bərabərsizlik, irqçilik və bəzi xalqların beynəlxalq qərarların qəbulunda məhdud iştirakı hələ də müşahidə olunur. Hazırda dünyada 17 ərazi özünüidarəetmə hüququndan istifadə edə bilmir və BMT bu ərazilərin gələcəyinin həmin ərazilərin nümayəndələri, idarə edən dövlətlər və quruma üzv dövlətlər arasında inklüziv dialoq yolu ilə müəyyən edilməsinin vacibliyini vurğulayır. Proses zamanı hər bir ərazinin xüsusi sosial, iqtisadi və ekoloji ehtiyacları nəzərə alınmalı, BMT Nizamnaməsi və Baş Assambleya qərarları çərçivəsində hərəkət edilməlidir.

Yeri gəlmişkən, neokolonializm əsasən iqtisadi və siyasi təsir vasitələri ilə zəif dövlətlərin suverenliyinə müdaxilə etməyi, onların resurslarını xarici maraqlara yönəltməyi və yerli inkişaf imkanlarını məhdudlaşdırmağı əhatə edir. Bu baxımdan, Azərbaycanın neokolonializmlə mübarizədə rolu xüsusilə diqqətçəkəndir. Ölkəmiz neokolonializmə sözügedən istiqamətdə həm regional, həm də qlobal səviyyədə fəal siyasət yürüdür. Bakı Təşəbbüs Qrupu (BTQ) dövlətimizin neokolonializmə qarşı mübarizədə mühüm rol oynayan platformalarından biridir. BTQ ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirir, diplomatik təşəbbüslərlə xarici müdaxilələri neytrallaşdırır və regional inteqrasiya layihələrində milli maraqları qorumağa çalışır. Qrupun təşəbbüsləri arasında, beynəlxalq hüquq və suverenlik məsələlərinin qorunması üzrə strateji təşəbbüslər diqqət çəkir. Bu gün dekolonizasiya və neokolonializm mövzusu geosiyasi baxımdan aktuallığını qoruyur. BMT-nin çağırışlarına cavab olaraq ölkələr və beynəlxalq təşkilatlar inklüziv, ədalətli yanaşmaları inkişaf etdirməli, həmçinin öz müqəddəratını təyin edə bilməyən xalqların hüquqlarını müdafiə etməlidirlər. Azərbaycanın nümunəsi göstərir ki, milli diplomatiya, regional təşəbbüslər və beynəlxalq əməkdaşlıq vasitəsilə neokolonializmə qarşı mübarizə mümkündür. Öz müqəddəratını təyin etməyən xalqların qorunması və dəstəklənməsi həm yerli, həm də qlobal səviyyədə ədalətli sistemlərin formalaşması üçün vacibdir. Azərbaycan modeli və BTQ kimi təşəbbüslər bu yanaşmanın konkret nümunələridir, çünki onlar neokolonializmin həm iqtisadi, həm də siyasi aspektlərini neytrallaşdırmaqla milli və regional dayanıqlılığın təmin olunmasına xidmət edirlər.

Müasir dövrdə neokolonializm siyasətini davam etdirən ölkələrdən misal gətirsək Fransanın adı xüsusi vurğulanmalıdır. Rəsmi Parisin müstəmləkəçilik siyasətinə məruz qalan dövlətlərdə valyuta siyasəti və enerji resurslarına nəzarət mexanizmləri hələ də kolonial dövrdən miras qalan asılılığı qoruyur. Daha dəqiq desək, bu ərazilərdə milli siyasətə təsir edən çoxsaylı investisiya müqavilələri, Fransanın yerli hökumətlərlə strateji tərəfdaşlıq sazişləri və hərbi iştirakı dövlətlərin müstəqil qərarvermə imkanlarını məhdudlaşdırır. Eyni zamanda, Hollandiya kimi keçmiş kolonial dövlətlər də Karib və Cənub-Şərqi Asiya ölkələrində iqtisadi və diplomatik təsir vasitələri ilə neokolonializmi davam etdirir, qlobal bazarlara çıxış imkanlarını müəyyən dərəcədə öz xeyrinə yönəldirlər. BTQ bu ölkələrin keçmiş müstəmləkəçilik irsinin müasir təsir mexanizmlərini qabardır, həmin ərazilərdə yaşayan xalqların problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır.

Qloballaşma prosesləri təbii olaraq inteqrasiyanı sürətləndirir, lakin bu milli kimliyin zəifləməsi bahasına baş verməməlidir. Hər bir xalqın dili, tarixi yaddaşı və mədəni irsi onun siyasi mövcudluğunun əsas dayaqlarından biridir. Əgər mədəni müxtəliflik qorunmursa, beynəlxalq sistemdə həqiqi plüralizm və bərabərlikdən danışmaq mümkün deyil. Ekoloji ədalət məsələsi də müasir diskussiyaların ayrılmaz hissəsinə çevrilib. İqlim dəyişikliklərinin nəticələri daha çox həssas regionlara təsir göstərir və bu regionların bir çoxu tarixən xarici asılılıq münasibətlərinə məruz qalmış ərazilərdir. Bu baxımdan, davamlı inkişaf prinsiplərinin həyata keçirilməsi, yaşıl texnologiyalara çıxışın genişləndirilməsi və iqlim maliyyələşdirilməsinin ədalətli bölüşdürülməsi dekolonizasiya gündəliyinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

Müasir dövrdə beynəlxalq hüququn rolu xüsusi əhəmiyyət kəsb edir. Öz müqəddəratını təyinetmə prinsipi, suveren bərabərlik və daxili işlərə qarışmama kimi fundamental normalar praktikada tətbiq olunmalıdır. Əgər bu prinsiplər selektiv şəkildə şərh olunursa və ya geosiyasi maraqlara uyğun şəkildə tətbiq edilirsə, onda beynəlxalq sistemə olan inam zəifləyir. Bu isə çoxtərəfli əməkdaşlığın səmərəliliyini azaldır və qarşıdurma risklərini artırır. Belə bir şəraitdə dövlətlərin məsuliyyəti sadəcə öz milli maraqlarını müdafiə etməklə məhdudlaşmır. Eyni zamanda, daha ədalətli və balanslı qlobal sistemin qurulmasına töhfə vermək də vacibdir. Bu, diplomatik təşəbbüslər, beynəlxalq debatlarda fəal iştirak, alternativ inkişaf modellərinin təşviqi və hüquqi mexanizmlərin gücləndirilməsi vasitəsilə həyata keçirilə bilər. Siyasi iradə və strateji baxış olduqda, kiçik güclər də qlobal gündəlikdə təsirli rol oynaya bilirlər.

Sonda qeyd edək ki, dekolonizasiya məsələsinin gələcəyi, əslində, beynəlxalq sistemin hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır. Əgər bərabərhüquqlu tərəfdaşlıq modeli üstünlük qazanarsa, onda tarixi ədalətsizliklərin nəticələri mərhələli şəkildə aradan qaldırıla bilər. Əks halda, formal müstəqilliklə real asılılıq arasındakı ziddiyyət davam edəcək və yeni siyasi gərginliklər üçün zəmin yaranacaq.

Nəzrin ELDARQIZIXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr