AZ

İsrail İranla müharibəyə hazırlaşır Tehrana son mesaj verildi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail İran tərəfindən təzyiqlərin artdığını qeydə alır. Hörmüz boğazındakı hərbi təlimlər və sərt bəyanatlar Vaşinqtona mesaj kimi qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” nəşri yazıb.

İsrailin təhlükəsizlik strukturlarında aparılan qiymətləndirməyə əsasən, Cenevrə danışıqları gözlənildiyi kimi irəliləmir və hərbi ssenari artıq nəzəri variant kimi görünmür.

Mənbələrin bildirdiyinə görə, diplomatik proseslə yanaşı Tehranın nümayişkaranə addımları regionda gərgin və təhlükəli vəziyyət formalaşdırır. ABŞ və İran arasında növbəti təmaslar davam etdiyi vaxt İslam İnqilabı Keşikçiləri Korpusu təlimlərin davam etdiyini açıqlayıb və Hörmüz boğazı istiqamətində hərəkəti məhdudlaşdırıb.

Qlobal dəniz yolu ilə daşınan neftin təxminən dörddəbiri məhz bu strateji boğazdan keçir. Buna görə də qısa müddətli məhdudiyyətlər belə beynəlxalq bazarlarda ciddi narahatlıq siqnalı kimi qəbul olunur.

Eyni zamanda İranın ali dini lideri Əli Xamenei Fars körfəzində yerləşən ABŞ qüvvələrinə qarşı sərt açıqlamalarla çıxış edib. İsrail ordusunda bu davranış xətti “ikili diplomatiya” kimi xarakterizə olunur.

İsrail mənbələrinin fikrincə, Tehran enerji qiymətlərinə həssaslıqdan və regional eskalasiya riskindən istifadə edərək ABŞ administrasiyasının mövqeyinə təsir göstərməyə çalışır. Hesab edilir ki, mümkün hərbi qarşıdurma fonunda enerji daşıyıcılarının qiymətinin kəskin artması Vaşinqton üçün arzuolunan deyil.

Buna baxmayaraq, İranın xarici işlər naziri Abbas Əraqçi əsas prinsiplər üzrə anlaşma əldə olunduğunu desə də, Qüdsdə real kompromisə hələ uzun yol qaldığı düşünülür. İsrail tərəfi mövqelərin müəyyən qədər yaxınlaşmasının yaxın vaxtda razılaşmanın imzalanacağı anlamına gəlmədiyini vurğulayır.

Mövcud vəziyyət fonunda İsrail Müdafiə Qüvvələri yüksək döyüş hazırlığı rejimini saxlayır. Operativ strukturlarda vəziyyətin qiymətləndirilməsi üçün əlavə müşavirələrin keçirilməsi planlaşdırılır.

İsrailin təhlükəsizlik qiymətləndirməsində ehtiyatlı, lakin açıq mesaj verilir: əgər Cenevrə danışıqları tam dalana dirənərsə, hərbi variant gündəmdə qalacaq və onun reallaşma ehtimalı əvvəlki dövrlə müqayisədə daha yüksək olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
globalinfo.az

1Mənbələr