AZ

“Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub

Bakı, 17 fevral, Gülay Nəzərova, foto Azər İbrahimov, AZƏRTAC

Fevralın 17-də Azərbaycan Milli Konservatoriyasında “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir “Övraqi-nəfisə” jurnalının transliterasiya nəşrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

İncəsənətin ən zəngin səhifələrini özündə cəmləşdirən “Övraqi-nəfisə”, bir əsr sonra milli mətbuatımızın yüz əlli illik yubileyinə töhfə vermək niyyəti ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən yenidən gündəmə gətirilib. ADA Universitetinin təşəbbüs və dəstəyi sayəsində ərəb qrafikalı əski Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya transliterasiya olunaraq nəfis bir tərtibatla nəşr edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə bildirib ki, “Övraqi-nəfisə” ifadəsi nəfis, incə və dəyərli səhifələr anlamını daşıyır. Onun sözlərinə görə, zaman keçəcək, lakin bu layihə Azərbaycan mədəniyyətinin, milli incəsənətimizin və ümumən ədəbiyyat-musiqi tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlarda qalacaq.

Nəşrin milli mətbuatımızın 150 illiyinə həsr olunduğunu vurğulayan “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qeyd edib ki, yubiley tarixləri yalnız təqvim hadisəsi deyil, həm də tarixi irsimizə yenidən nəzər salmaq, müəyyən məsələləri gündəmə gətirmək üçün mühüm fürsətdir.

Jurnalın transliteratoru, qeyd və şərhlərin müəllifi, filoloq və tərcüməçi Azad Ağaoğlu layihənin hazırlanma mərhələsində xüsusi həssaslıq və peşəkarlıq nümayiş etdirildiyini bildirib. O qeyd edib ki, nəşrin bədii və elmi hissələri jurnalın ümumi strukturu və konsepsiyasına uyğun şəkildə tərtib olunub, transliterasiya və şərhlər üzərində ciddi elmi iş aparılıb.

"Mətbuat tariximizə və köklərimizə diqqətin artması, bu sahədə araşdırma və nəşrlərin intensivləşməsi xüsusilə ADA Universitetinin təşəbbüsləri ilə yeni mərhələyə qədəm qoyub. Bu isə mətbuat tariximizin sistemli şəkildə öyrənilməsi və ictimai yaddaşda daha möhkəm yer alması baxımından olduqca əhəmiyyətlidir", - deyə o bildirib.

Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov vurğulayıb ki, bu jurnal Azərbaycan üçün son dərəcə nəcib və əhəmiyyətlidir. Onun sözlərinə görə, belə layihələr milli yaddaşı qoruyur, Azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək nəsillərə etibarlı mənbə ötürür. Qısa müddətdə görülən işlər yüksək qiymətə layiqdir və zaman keçdikcə bu zəhmətin dəyəri daha aydın görünəcək.

Tədbir bədii hissə davam edib.

Azərbaycan Milli Konservatoriyasının “Miras” qədim musiqi alətləri ansamblının (bədii rəhbər: Pikə Axundova) ifasında orta əsr musiqi dühası

Əbdülqadir Marağainin yaradıcılığından “Hüseyni bəstə” səsləndirilib. Proqramda, həmçinin Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasından fraqmentlər, “Qaragilə” xalq mahnısı, "Çahargah” təsnifi, "Şükriyyə", “Çırpınırdı Qara dəniz” və “Azərbaycan” marşı ifa olunub. Həmçinin Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar da təqdim edilib.

Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev təqdimat mərasiminin çox gözəl sözlərlə yadda qaldığını bildirib və əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O qeyd edib ki, bu cür tədbirlər davam etdirilməli, növbəti mərhələdə isə təhsil sahəsinə və tarixi mövzulara aid kitabların təqdimatı da həyata keçirilməlidir.

Hafiz Paşayev əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının və düzgün istifadəsinin qorunmasına xüsusi önəm verir. O vurğulayıb ki, bu dil mütaliə ilə inkişaf etdirilə bilər.

Seçilən
110
1
azertag.az

2Mənbələr