AZ

İftar vaxtı Çərşənbə qeyd etmək orucu pozur?

Ramazan ayının yaxınlaşması ilə Çərşənbə ənənələri ilə iftar vaxtlarının üst-üstə düşməsi dini müzakirələri yenidən aktuallaşdırıb. Çərşənbə süfrələrinin iftar saatlarına uyğunlaşdırılması ilə bağlı verilən fətva bu iki ənənənin necə uzlaşdırıla biləcəyi sualını gündəmə gətirir. Mövzu həm dini qaydalar, həm də cəmiyyətin formalaşmış adətləri baxımından xüsusi maraq doğurur.

NOCOMMENT.az xəbər verir ki, ilahiyyatçı Əkrəm Həsənov  açıqlamasında bildirib ki, Ramazan ayı müsəlmanlar üçün təkcə ac və susuz qalmaq deyil. Bu ay həm də vaxt intizamı, niyyət təmizliyi və mənəvi yüksəliş ayıdır:

“Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib olduğu kimi sizə də vacib edildi ki, təqvalı olasınız.” Bu ayədə məqsəd açıq şəkildə göstərilir: oruc insanı daxildən saflaşdırmaq üçündür, adət və mərasimləri qadağan etmək üçün deyil. Çərşənbə süfrələri isə Azərbaycan xalqının milli adət-ənənələri, mədəni yaddaşıdır. Xüsusilə Novruz ərəfəsində qurulan bu süfrələr ailə birliyini, paylaşmanı və ruziyə şükür etməyi simvolizə edir. Bu ənənə dini ibadət deyil, mədəni mərasimdir. İslam hüququnda mühüm prinsip var: adət və ənənə şəriətə zidd olmadığı halda qəbul olunur. Klassik fiqh alimləri, o cümlədən İmam Şatibi qeyd edirdi ki, insanların mədəni formaları ibadətin özünə zidd deyilsə, onları tamamilə ləğv etmək doğru deyil”.

İlahiyyatçı bildirib ki, Ramazan ayında oruc tutan insan sübh azanından gün batana qədər yemək və içməkdən çəkinir. Əgər Çərşənbə süfrəsi iftar saatına uyğunlaşdırılırsa, burada nə oruc pozulur, nə də ibadətə zidd hal yaranır.

“Əksinə, iftarın ailə mühiti ilə birləşməsi sosial həmrəyliyi gücləndirə bilər. Peyğəmbər Məhəmməd (sallallahu aleyhi və səlləm) buyurub ki, oruc tutana iftar verən onun savabından əskiltmədən savab qazanar. Bu hədis iftar süfrəsinin sosial paylaşım məqamı olduğunu göstərir. Əsas məsələ niyyətdir: əgər süfrə əyləncə və israf məqsədi daşımır, ailə birliyi və ruziyə şükür niyyəti daşıyırsa, bu, orucun ruhuna zidd deyil. Quranda israf qadağan edilir, deməli problem süfrənin özü deyil, onun məzmunudur. Müasir yanaşmaya görə ibadət cəmiyyətdən təcrid olunmamalı, əksinə sosial həyatı tənzimləməlidir. Birgə iftarlar insanların sosial bağlılığını və psixoloji sabitliyini artırır. Fiqhin ümumi qaydalarına əsasən ibadətin vaxtı qorunur, haram element yoxdur, adət şəriətə zidd deyil və məqsəd ailə birliyini qorumaqdır. İslam hüququnda çətinliyin aradan qaldırılması və asanlığın üstün tutulması prinsipi var. Buna görə də ənənəni ibadət vaxtına uyğunlaşdırmaq daha balanslı yanaşmadır. Nəticə olaraq, Çərşənbə süfrəsinin iftar saatına uyğunlaşdırılması dini baxımdan əsaslıdır: oruc pozulmur, ibadət qorunur, mədəniyyət isə ibadətlə toqquşmur. Əsas şərt niyyət, israfdan uzaq olmaq və ibadətin ruhunu qorumaqdır. Ramazan ayı bizi ayırmaq üçün deyil, birləşdirmək üçündür; əgər süfrə ailəni birləşdirir və Allahı xatırlamağa səbəb olursa, bu, ibadətin ruhuna daha uyğundur”, – Əkrəm Həsənov bildirib.

Qeyd edək ki, Çərşənbə süfrələrinin iftar saatına uyğunlaşdırılması dini baxımdan məqbul sayılır və bu yanaşma ibadətlə milli ənənələrin uzlaşdırılmasına xidmət edir. /Demokrat.az/

Seçilən
16
2
nocomment.az

3Mənbələr