AZ

Rusiyada miqrantlara yeni qadağalar ən çox azərbaycanlılara təsir edəcək...



Məhəmməd Əsədullazadə: “Azərbaycanlı miqrantlara qarşı sərt qadağaların kökündə bu yollarla onları ölkəmizə deportasiya etmək niyyəti dayanır”

Rusiyada miqrantlara qarşı aqressiv davranışlar davam edir. Xüsusən də azərbaycanlı miqrantlara münasibətdə daha sərt addımlar atılır. Bir sözlə, uzun müddətdir ki, Rusiyadakı azərbaycanlı miqrantlar sıxışdırılır. Rusinın Rostov vilayətinin hakimiyyət orqanları region qubernatorunun imzaladığı fərmana əsasən, kuryer xidmətləri və pərakəndə satış da daxil olmaqla bir neçə əsas sektorda çalışan miqrant işçiləri qadağan edən yeni məhdudiyyətlər tətbiq edib.

Tədbirlər aprelin 1-dən dekabrın 31-nəqədər qüvvədə olacaq və miqrantların kuryer kimi işləməsini, topdansatış və pərakəndə satış obyektlərində qida, içki və tütün məhsulları satmasını qadağan edəcək.

Hüquq mütəxəssisləri hesab edir ki, qadağaların yalnız Rusiyanın patent sistemi (Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan kimi ölkələrin vətəndaşları üçün tələb olunan xüsusi icazə) çərçivəsində işləyən miqrant işçilərə təsir edəcək.

Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşları mövcud müqavilələr çərçivəsində patentsiz işləyə biləcəkləri üçün bu qadağalardan təsirlənməyəcəklər.

Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Rusiyanın azərbaycanlı miqrantlara qarşı ayrı-seçkiliyi Azərbaycan dövlətinə qarşı təzyiq mexanizminin bir hissəsidir. O, hesab edir ki, Rusiya Azərbaycanın regionda müstəqil siyasət aparmasını qəbul etmir, İkinci Qarabağ müharibəsindən sonra formalaşmış nizama qarşıdır. “Rusiya Azərbaycanın ABŞ-la Strateji Xartiya imzalamasından sonra bu addımları daha da sərtləşdirir. Həmçinin Münhen Təhlükəsizlik Konfransında da cənab Prezident qeyd etdi ki, Rusiya Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə bilərəkdən hücum edib. Rusiya Azərbaycanla imzaladığı bəyannaməyə də, iki tərəfli müqavilələrə əməl etmir. Bu ölkənin davranışları Prezidentin dediyi kimi qeyri-dost addımlardır. Bu Azərbaycanla dostluq, qonşuluq münasibətlərinə ziddir. Demək olar ki, Rusiya bu kimi addımlarla Azərbaycanla dostluq münasibətlərinin üstündən xətt çəkir. Bu böhran birbaşa Moskvadan qaynaqlanır. Azərbaycanlı miqrantlara qarşı sərt qadağaların kökündə bu yollarla onları ölkəmizə deportasiya etmək niyyəti dayanır. Hesab edirlər ki, bununla ölkəmizin daxilində sosial problemlər yarada bilərlər”.

M.Əsədullazadənin fikrincə, Azərbaycan dövləti Rusiyanın təzyiqləri qarşısında geri çəkilməyəcək. M.Əsədullazadə qeyd etdi ki, Rusiya Azərbaycanı özünə tabe edib dövlətimizin apardığı müstəqil siyasətə mane olmaq istəyir, amma Rusiyanın bu təzyiqləri nəticəsiz qalacaq. Rusiyanın Cənubi Qafqazda formalaşan yeni reallıqlarla barışmaq istəmədiyini deyən M.Əsədullazadənin sözlərinə görə, Rusiya bu prosesi ağrılı qəbul edir. Azərbaycanın Cənubi Qafqazda yeni nizam qurduğunu deyən M.Əsədullazadə qeyd edir ki, Rusiya isə bunu istəmir. Rusiyanın AZAL təyyarəsinə qarşı qəsdini vurğulayan ekspert qeyd etdi ki, bu aqressiya bütün istiqamətlərdə, o cümlədən miqrantlara qarşı özünü göstərir.

İradə SARIYEVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr