AZ

Bərpaolunan enerji stansiyalarının genişləndirilməsi Azərbaycanın ixrac potensialını artıracaq

Bakı, 17 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən iki dövlətin strateji yaxınlaşmasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. Bu səfər təkcə diplomatik protokol çərçivəsində keçirilən görüşlərlə məhdudlaşmadı, həm də konkret iqtisadi və energetik layihələrin gündəmə gətirilməsi ilə yadda qaldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Onun sözlərinə görə, Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin iqtisadi dayanıqlığını artırıb, xarici sərmayə axınını gücləndirib. Energetika sahəsində əməkdaşlıq iki ölkə münasibətlərinin əsas sütunlarından birinə çevrilib. Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və bu ixracın artırılması barədə razılıq əldə olunub. Bu, Serbiyanın enerji şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Eyni zamanda, qazın elektrik enerjisinə çevrilməsi və təmiz enerji istehsalı gələcəkdə regional enerji bazarında yeni imkanlar açır. Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaratmaq planı ölkənin yaşıl enerji strategiyasının tərkib hissəsidir. Bərpaolunan enerji stansiyalarının tikintisi və genişləndirilməsi Azərbaycanın ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Deputat qeyd edib ki, bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm ənənəvi, həm də alternativ enerji sahələrini əhatə edir. Birgə elektrik stansiyasının inşası layihəsi isə iqtisadi əməkdaşlığın konkret təzahürüdür. Bu layihə həm investisiya əməkdaşlığını dərinləşdirəcək, həm də Serbiyanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Azərbaycan sərmayəsinin bu layihədə iştirakı iki ölkə arasında etimadın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir. Nəqliyyat və transmissiya imkanlarının genişləndirilməsi də gündəmdə olan məsələlərdəndir. Azərbaycanın əsas ixrac istiqaməti Avropa məkanıdır və bu marşrutların şaxələndirilməsi strateji prioritetdir.

“Serbiya coğrafi mövqeyi etibarilə bu prosesdə mühüm rol oynaya bilər. Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər göstərir ki, Bakı və Belqrad münasibətləri təsadüfi deyil, sistemli və uzunmüddətli strateji baxışa əsaslanır. Qarşılıqlı səfərlərin davam etdirilməsi, institusional mexanizmlərin yaradılması əməkdaşlığın davamlılığını təmin edəcək. Beləliklə, fevralın 15-də həyata keçirilmiş səfər Azərbaycan-Serbiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələ qarşılıqlı sərmayə, enerji təhlükəsizliyi, beynəlxalq platformalarda həmrəylik və dostluq münasibətlərinin daha da möhkəmlənməsi ilə xarakterizə olunur, - deyə Ş.Seyidzadə vurğulayıb.

Seçilən
106
1
azertag.az

2Mənbələr