AZ

Arif Əsədov: Son turun nəticələri turnir cədvəlində gərginliyi artırdı

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 fevral, AZƏRTAC

Sonuncu - XX turun nəticələri turnir cədvəlində gərginliyi daha da artırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasının XX turunda qeydə alınan nəticələri şərh edərkən deyib.

O bildirib ki, “İmişli” – “Qarabağ” (0:1) qarşılaşması turnir cədvəlində fərqli mövqelərdə qərarlaşan komandaların mübarizəsi kimi diqqət çəkib: “Bu oyunda liderlə autsayder deyil, orta səviyyəli komanda ilə çempionatın əsas favoritlərindən biri üz-üzə gəlmişdi. Kağız üzərində üstünlük “Qarabağ”ın tərəfində idi. Şansları təxminən 60-ın 40-a nisbətində Ağdam təmsilçisinin xeyrinə qiymətləndirmək olardı. Meydançanın şəraiti müəyyən çətinliklər yaratsa da, ümumi oyun keyfiyyəti baxımından qonaqlar üstün görünürdü. “İmişli” isə hərzamankı kimi intizamlı mübarizə apardı və xal qazanmağa çalışdı. Sıx qrafik fonunda “Qarabağ” üçün hər xal böyük əhəmiyyət daşıyır”.

Mütəxəssis vurğulayıb ki, “Zirə” – “Karvan-Yevlax” (1:0) görüşü meydan sahibi komanda üçün avrokuboklar zonasına düşmək uğrunda mübarizədə önəmli idi: “Zirə” üçün bu görüş üç xal qazanmaq baxımından xüsusi əhəmiyyət daşıyırdı. Komanda daha çox nəticəni düşünərək oynadı və ilk hissədə vurduğu qolla üstünlüyü sonadək qorumağı bacardı. Yevlax klubu isə taktiki baxımdan nizam-intizamlı təsir bağışlayırdı, əsasən müdafiəyə üstünlük verir və rəqibin hücumlarının qarşısını almağa çalışırdı. Lakin hücum xəttində keyfiyyət fərqi hiss olunurdu. Nəticədə “Zirə” vacib qələbə qazandı”.

Arif Əsədov qeyd edib ki, “Şamaxı” – “Turan Tovuz” (0:0) dueli son dövrlər prinsipial xarakter alıb: “Hər iki komanda daha çox döyüşkən oyun üslubuna malikdir. Tovuzlular üçün bu görüş avrokubok zonasındakı rəqiblərlə xal fərqini azaltmaq və mövqeyini möhkəmləndirmək baxımından əhəmiyyətli idi. Ev sahibləri isə turnir cədvəlində yerini demək olar ki, sabitləşdirib. Amma bu kollektiv hər turda istənilən rəqibə qarşı mübarizə aparıb xal qazanmağa çalışdığını göstərir. Qarşılaşma əsasən meydanın mərkəzində keçdi, qol epizodları az oldu. Ümumilikdə nəticə oyunun gedişatına uyğun idi”.

Veteran futbolçu bildirib ki, “Kəpəz” – “Neftçi” (1:3) matçı Bakı klubu üçün vacib sınaq idi: “Əvvəlki turlarda xal itkiləri komandanın vəziyyətini çətinləşdirmişdi. Lakin son qələbələr şansları yenidən artırdı. “Neftçi” xüsusilə ikinci hissədə daha hücumameyilli və dinamik oyun nümayiş etdirdi, çoxsaylı qol epizodları yaratdı və onların bir qismini dəyərləndirdi. Qazanılan qələbə komandanın inkişafının göstəricisi kimi qiymətləndirilə bilər. “Kəpəz” isə Premyer Liqada qalmaq uğrunda mübarizəni davam etdirir”.

55 yaşlı keçmiş müdafiəçi “Araz-Naxçıvan” – “Sumqayıt” (1:0) görüşünün də gərgin keçdiyini deyib: “Hər iki komandanın əcnəbi baş məşqçilərinin taktiki yanaşması diqqət çəkirdi. Oyun bərabər səviyyədə gedirdi və hesabı açan tərəfin üstünlüyü qoruyacağı hiss olunurdu. “Araz-Naxçıvan” penalti zərbəsindən sonra daha sərbəst oynamağa başladı, əks-hücumlarda təhlükəli vəziyyətlər yaratdı. Bu qələbə eyni zamanda, yeni baş məşqçinin komandaya gətirdiyi oyun fəlsəfəsini tətbiq etmək və futbolçulara inandırmaq baxımından vacib idi. “Sumqayıt” isə zədələr və heyət çatışmazlığı ilə bağlı çətinlik yaşayır. Zədələrlə yanaşı, sarı və qırmızı vərəqələr, eləcə də əvəzedici futbolçu qıtlığı komandada vəziyyəti çətinləşdirir. Bu səbəbdən onların performansında bir qədər eniş hiss olunur”.

Mütəxəssisin sözlərinə görə, “Qəbələ” – “Sabah” (0:1) matçı maraqlı və dinamik alınıb: “İlk hissədə qonaqlar üstün təsir bağışladı və dominat oyunla hesabı açaraq, fasiləyə üstün yollandılar. Meydan sahibləri isə görüşə ehtiyatlı başlamışdılar. Onlar əks-hücumlara üstünlük verirdilər. Boşluq verməməyə çalışırdılar. İkinci yarıda “Qəbələ” hücumda dəyişikliklər edərək təzyiqi artırmağa çalışdı. Son dəqiqələrdə təhlükəli epizodlar yarandı və mübahisəli məqamlar oldu. Buna baxmayaraq, “Sabah” minimal hesablı qələbəni qoruyaraq vacib üç xalı qazandı. Məğlubiyyətə baxmayaraq, “Qəbələ” son turlarda oyun baxımından çox inkişaf edib. Düşünürəm ki, növbəti qarşılaşmalarda da hər bir rəqib bu komanda ilə oyunda çətinlik çəkəcək”.

Qeyd edək ki, Misli Premyer Liqasına 49 xalla “Sabah” başçılıq edir. “Qarabağ” 45 xalla ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
1
azertag.az

2Mənbələr