Bakı, 17 fevral, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin bu istiqamətdə təşkil etdiyi növbəti təlimlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub. Təlimin ilk günündə sakinlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə qaydaları, meyvə bağlarının salınması, texnikalardan səmərəli istifadə barədə maarifləndirici sessiyalar keçirilib.
Tədbir zamanı fermerlərə EKTİS vasitəsilə müraciətlərin elektron qaydada aparılması və sistemdən effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib. Həmçinin müasir meyvəçiliyin əsas prinsipləri, məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından düzgün və qənaətli istifadə üsulları izah edilib.
Təlim interaktiv formatda təşkil olunub, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər Aqrar Təlim Mərkəzi tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nın 3.6-cı bəndinə uyğun olaraq təşkil edilir. Bu günədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, eləcə də Laçın rayonunun Zabux kəndlərində yaşayan sakinlər üçün belə nəzəri və praktiki təlimlər keçirilib. Hər bir rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşdığı sahələr nəzərə alınmaqla təşkil olunan təlimlər yerli əhalinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.