AZ

İnsan alveri və zorakılıqla mübarizə: Yeni metodik vəsaitlərin təqdimatı olub

Fevralın 17-də Hüquq və İnsan Haqları İnstitutunda keçirilən tədbirdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın uzun illərə söykənən təcrübəsi əsasında hazırladığı “Kölgədə qalan qadınlar”, “Zorakılığın kodları”, “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat” və “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” adlı vəsaitlər ictimaiyyətə təqdim olunub.

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Mətləb Mahmudov və “Təmiz Dünya” Qadınlara Yardım İB-nin klinik psixoloqu Orxan Məcnunov qeyd ediblər ki, təqdim olunan nəşrlər zorakılığın sosial-psixoloji və mədəni köklərini elmi əsaslarla təhlil edir, cəmiyyətdə formalaşmış stereotiplərin mahiyyətini açaraq əsas istiqamətlərini müəyyənləşdirir.

Müzakirələrdə vurğulanıb ki, təqdim olunan nəşrlər insan hüquqlarının təmin olunmasına xidmət edən vacib dəstək metodudur və insan alveri ilə mübarizə sahəsində çalışan mütəxəssislər, psixoloqlar və hüquqşünaslar tərəfindən həm təlim, həm də maarifləndirmə işlərində geniş istifadə oluna bilər.

“Kölgədə qalan qadınlar” ayrı-seçkiliyə və zorakılığa məruz qalan, həssas kateqoriyaya aid qadınların psixoloji portretini təqdim edir və onların sosial reabilitasiyası üçün praktik yanaşmalar təklif edir. “Zorakılığın kodları” nəşri sosial, mədəni və psixoloji amilləri sistemli şəkildə təhlil edərək problemin həllini açıqlayır. 

“İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat” rəqəmsal mühitdə insan alveri risklərinin aşkarlanması və izlənməsi üçün mexanizmlər təqdim edir. 

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” isə bu sahədə vahid metodoloji yanaşmanın formalaşdırılmasına xidmət edir, mütəxəssislər üçün sistemli təlim və bilik bazası rolunu oynayır.

Seçilən
25
2
cebheinfo.az

3Mənbələr