ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin Trans-Xəzər marşrutuna yanaşmasının mahiyyətini aydın şəkildə ortaya qoyur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Trans-Xəzər marşrutuna yalnız nəqliyyat və logistika layihəsi kimi deyil, eyni zamanda, regionda etimadın möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və siyasi sabitliyin təmin olunması baxımından mühüm platforma kimi yanaşır.
“Orta Dəhliz, TRIPP layihəsi və Ermənistanla sülh prosesi artıq ayrı-ayrı təşəbbüslər deyil, ABŞ-nin də maraq göstərdiyi daha geniş regional əməkdaşlıq modelinin tərkib hissəsi kimi formalaşır. Vaşinqtonun son dövrlərdə regiondakı bağlantı layihələrinə artan diqqəti Cənubi Qafqazın qlobal ticarət və təhlükəsizlik arxitekturasında rolunun yüksəldiyini göstərir. Bu prosesə yalnız nəqliyyat-logistika layihəsi kimi yanaşmaq düzgün olmaz. Burada ən önəmli məqamlardan biri ondan ibarətdir ki, bu təşəbbüslər bölgəyə sülhün gəlməsinə, bölgədə sülh quruculuğuna ciddi töhfə verəcək amillərdir”, – deyə deputat bildirib.
C.Məmmədov vurğulayıb ki, bu gün nəqliyyat layihələrinin və dəhlizlərin əsas hədəf və məqsədi məhz regionda sülhün, etimadın və qarşılıqlı anlaşmanın formalaşdırılmasına xidmət etməkdir. “Bölgəmizdə sülh olmadan, dövlətlər arasında həmrəylik və qarşılıqlı anlayış olmadan davamlı inkişafdan danışmaq mümkün deyil. Yalnız Azərbaycanın səyləri bu proses üçün yetərli deyil, region ölkələrinin də fəal iştirakı zəruridir”, – deyə C.Məmmədov qeyd edib.
Deputat əlavə edib ki, Orta Dəhliz və Trans-Xəzər təşəbbüslərinə artan marağın kökündə məhz davamlı sülh və etimad mühitinin formalaşdırılması dayanır. Bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. “ABŞ-nin Azərbaycana bu qədər önəm və dəyər verməsinin əsas səbəblərindən biri də məhz ölkəmizin regionda sülhə, əməkdaşlığa və sabitliyə verdiyi töhfələrdir. Bu məsələdə Prezident İlham Əliyevin şəxsi rolu çox böyükdür və yüksək qiymətləndirilir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.