AZ

Orban ilk dəfə açıqladı: Bu ölkə seçkilərə müdaxilə edir!

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın ölkədə seçki kampaniyasına müdaxilə etdiyini və siyasi rəqiblərə dəstək göstərdiyini deyib.

“Bu cür hərəkətlər Ukrayna tərəfinin öz maraqları ilə diktə olunur. Onlar rəqiblərimizi öz şəxsi maraqları üçün maliyyələşdirirlər. Müdaxiləni dayandırın, Macarıstan öz gələcəyinə özü qərar verməlidir!”, – o bildirib.

Qabil
Qabil Hüseynli

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Viktor Orbanın bu açıqlaması daxili siyasi kontekstdən qaynaqlanır və seçki ərəfəsində hakimiyyətin xarici faktorları gündəmə gətirməsi təsadüfi deyil:

“Macarıstan uzun müddətdir Kiyevlə münasibətlərdə gərgin xətt tutur, xüsusilə Ukraynanın Aİ və NATO istiqamətində sürətli inteqrasiya kursuna qarşı ehtiyatlı davranır. Budapeşt hesab edir ki, Ukraynanın qərbyönlü siyasəti regionda balansı dəyişir və Macarıstanın milli maraqlarına birbaşa təsir edir. Bu kontekstdə Orbanın “müdaxilə” iddiası həm seçki ərəfəsində elektorata yönəlmiş siyasi mesaj, həm də Kiyevə açıq xəbərdarlıq xarakteri daşıyır.

Macarıstan daxilində hakimiyyətlə müxalifət arasında rəqabət dərinləşdikcə xarici faktorların gündəmə gətirilməsi siyasi texnologiya baxımından yeni deyil. Xarici təsir iddiası hakimiyyət üçün həm mobilizasiya vasitəsidir, həm də milli suverenlik diskursunu gücləndirmək imkanı yaradır. Eyni zamanda Ukrayna Avropa İttifaqı daxilində özünə daha geniş dəstək formalaşdırmağa çalışdığı bir mərhələdə Macarıstan kimi skeptik mövqedə olan ölkələrlə qarşıdurma riskini artırır. Bu isə təkcə ikitərəfli münasibətləri deyil, ümumilikdə Aİ daxilində konsensus mexanizmlərini də çətinləşdirə bilər.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, belə ciddi ittihamlar konkret sübutlarla əsaslandırılmadıqda daha çox siyasi ritorika təsiri yaradır. Əgər real müdaxilə faktları ortaya qoyulmasa, bu bəyanatlar seçki kontekstində mövqelərin sərtləşdirilməsi kimi qəbul ediləcək. Nəticədə həm Budapeşt-Kiyev xəttində gərginlik artacaq, həm də regionda siyasi qütbləşmə dərinləşəcək”.

Atilla Rzasoy

Seçilən
42
nocomment.az

1Mənbələr