AZ

Vardanyan cəzasına çatdı: Azərbaycan məhkəməsi sülhə qarşı çıxanlara dərs keçdi - ŞƏRH » AzadMedia.az



Azərbaycana və vətəndaşlarına qarşı törətdiyi əməllərə görə Ermənistanın daha bir vətəndaşına fevralın 17-də hökm oxunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri üzrə və başqa ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun qərar (hökm) elan olunub.

Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında verilən hökmə əsasən, Ruben Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Fevralın 5-də isə Bakı Hərbi Məhkəməsinin qərarı ilə Qarabağda həbs edilmiş keçmiş xunta başçılarına və əli dinc azərbaycanlıların qanına bulaşmış bir qrup digər Ermənistan vətəndaşına ömürlük və ya 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər

Azərbaycan məhkəməsinin Rusiyanın keçmiş vətəndaşı, rusiyalı milyarder Ruben Vardanyan barəsində çıxardığı hökm də hüquqi, siyasi və tarixi dərs sayılmalıdır.

Sözügedən şəxslərə Bakıda qurulan məhkəmə Azərbaycanın milli dövlətçilik tarixində bir ilkdir. Çünki ötən bir əsrdən artıq dövr ərzində ermənilər dəfələrlə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, azərbaycanlıları etnik təmizləməyə, soyqırıma məruz qoyub, lakin bu əməllərinə görə cəzalarını almayıblar. Onlar özlərini ötən illərdə "dərə xəlvət, tülkü bəy" kimi aparıblar.

Görünür, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn Vardanyanın da könlündən "xəlvət dərə"də "tülkü bəy" olmaq keçirmiş. Bu milyarderin Qarabağa heç bir aidiyyəti olmayıb. O, 1968-ci il mayın 25-də İrəvan şəhərində doğulub. Rusiyada müxtəlif qanunsuz yollarla milyonlara sahib olub. "Forbes Real-Time"ın 2025-ci il reytinqinə görə, Ruben Vardanyanın sərvəti 1,2 milyard dollar həcminə qiymətləndirilib.

Postsovet məkanının ən iri investisiya banklarından biri - "Troyka Dialoq"un sahibi olan Vardanyan humanitar fəaliyyət adı altında özünün cinayətkar əməllərini nə qədər gizlətməyə çalışsa da, 2019-cu ildə "Troyka landromat" adlı beynəlxalq araşdırma onun əsl mahiyyətini üzə çıxarıb. Məlum olub ki, Rusiya büdcəsindən oğurlanmış 5 milyard dollar vəsait milyarderə məxsus ofşor şirkətlər vasitəsilə yuyulub.

Avropa Parlamentinin böyük bir qrup deputatı Vardanyana qarşı sanksiya tətbiqini tələb etsə də, bu, baş verməyib. Sonradan isə onun adı Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsində çəkilməyə başlayıb.

Belə bir cəzasızlıq mühitindən ilhamlanan Vardanyan əməllərini Azərbaycanın işğal altında olan bölgəsində davam etdirməyi qərara alıb. Nəzarətsiz ərazi, zəngin təbii resurslar, xunta rəhbərliyində təmsil olunmaq şansı – qanunsuz qazanc əldə etmək üçün bundan münbit şərait ola bilməzdi. Görünür, Vardanyanı birdən-birə Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməyə də elə bu perspektivlər vadar edib.

Rusiyada Vardanyana varlanmaq üçün yaradılmış şərait onun Kreml tərəfindən müəyyən xidmət üçün hazırlandığını da ehtimal etməyə əsas verir. Hər halda Azərbaycanın 44-günlük müharibədə əldə etdiyi Qələbədən sonra Rusiya rəhbərliyinə yaxınlığı ilə seçilən milyarderin birdən-birə "Qarabağ eşqilə alovlanması" və onun vətəndaşlıqdan imtina istəyinə Prezident Vladimir Putinin belə rahatlıqla razılıq verməsi ciddi mətləblərdən xəbər verir.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən Rubenin də kimliyini ifşa etmişdi: "Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Göründüyü kimi, Ruben Vardanyanın işğal altında olan Qarabağa gəlişindən tutmuş, onun orada atdığı bütün addımlar həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquqa zidd olub və bunu da Azərbaycan məhkəməsi sübut etdi.

Maraqlıdır ki, Rusiya Vardanyanla bağlı rəsmi Bakıya açıq təzyiq göstərməsə də, vaxtilə onu çirkli pulların yuyulmasında, Ukraynada sülh və insanlıq əleyhinə cinayətlərin maliyyələşdirilməsində günahlandıran Avropa qurumları ondan "qurban" obrazı yaratmağa çalışırlar. Görünür, onlar üçün hüquq Ukraynada bir cür, Qarabağda başqa cür işləyir.

Lakin Azərbaycan məhkəməsinin Vardanyana layiq olduğu cəzanı verməsi Azərbaycanın heç bir təzyiq qarşısında baş əymədiyini və bütün davranışlarında yalnız hüquqa, ədalətə söykəndiyini göstərdi.

Bu gün Azərbaycan bölgədə reallaşdırılan sülh gündəliyinin müəllifidir və bunu quru bəyanatlarla deyil, real əməllərlə göstərir. Sülh əleyhinə cinayətlər törədən və ya onları maliyyələşdirənlərin cəzalandırılması da sülh prosesinə real töhfədir.(Report)
Seçilən
3
1
azadmedia.az

2Mənbələr