AZ

"Azərbaycan-Serbiya münasibətləri ildən-ilə daha da möhkəmlənir"

Ölkəmizin Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən dövlətlər təbii olaraq respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır.

2026-cı il fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində səsləndirilən bəyanatlar, xüsusilə Azərbaycan–Serbiya əlaqələrinin mahiyyəti, qarşılıqlı hörmət və dövlət maraqlarına əsaslanan əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir davam edir. Dövlət başçılarının bir-birini yaxından tanıması, səmimi münasibətlər və açıq dialoq mühiti əlaqələrin dayanıqlı inkişafında mühüm rol oynayır.

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq hər zaman yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər və təmaslar isə iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün daha geniş zəmin yaradıb. Azərbaycan və Serbiya təkcə sənəd üzərində deyil, həm də sözdə və əməldə yüksək əməkdaşlığa sadiqlik nümayiş etidirirlər. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suverenliyi, ərazi bütövlüyünü birmənalı şəkildə qarşılıqlı surətdə dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsidə hər iki ölkə tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri prinsipial məsələlərin həllində birgə mövqe nümayiş etdirirlər.

Azərbaycan və Serbiya arasında münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır. Enerji, nəqliyyat, investisiya, müdafiə sənayesi, humanitar və mədəni sahələrdə də əməkdaşlıq genişlənməkdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu kontekstdə Balkan regionu ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Xüsusilə enerji sahəsində əməkdaşlıq son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya üçün də strateji əhəmiyyət daşıyır. Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir.

Hazırkı geosiyasi şəraitdə, Avropada iqtisadi və təhlükəsizlik problemlərinin dərinləşməsi fonunda, bir sıra Avropa dövlətləri, o cümlədən Serbiya üçün Azərbaycanla əməkdaşlıq daha da aktuallaşıb. Azərbaycan sabit və etibarlı tərəfdaş kimi həm enerji, həm də siyasi baxımdan regionda mühüm rol oynayır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksələn xətt üzrə inkişaf edən bu münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub.

Dövlət başçılarının qarşılıqlı və müntəzəm səfərləri, eləcə də beynəlxalq platformalarda görüşləri ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Seçilən
29
redaktor.az

1Mənbələr