AZ

Moskva Avropanı hədələyir

AzVision.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi, Rusiya Dəniz Kollegiyasının sədri Nikolay Patruşev belə deyib.

O, Rusiya Hərbi Dəniz Qüvvələrinin Avropa ölkələrinin mümkün blokadasını aradan qaldırmağa hazır olduqları barədə xəbərdarlıq edib.

“Unutmayaq ki, dənizlərdə Avropa bayraqları altında üzən çoxlu gəmilər var. Biz də onların nə daşıdıqları və hara getdikləri ilə maraqlana bilərik. Rusiyanın dəniz blokadasına hər hansı cəhd beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir”,– Nikolay Patruşev “Arqumentı i faktı” nəşrinə müsahibəsində vurğulayıb.

Siyasətçinin sözlərinə görə, Rusiya Avropa İttifaqı (Aİ) ilə vəziyyəti ilk növbədə diplomatik vasitələrlə həll etməyə çalışacaq.

- Əgər bu vəziyyəti sülh yolu ilə həll etmək mümkün olmasa, o zaman blokadanı Hərbi Dəniz Qüvvələri pozacaq və onu aradan qaldıracaq. Hazırda Avropa ölkələri hərbi eskalasiya ssenarisini həyata keçirir, Moskvanın səbrinin sərhədlərini sınayır və onu aktiv cavab tədbirlərinə sövq edir”,– rusiyalı məmur söyləyib.

Putinin köməkçisinin fikrincə, Rusiya bayrağı altında üzən gəmilərin ələ keçirilməsi Qərbin Rusiya iqtisadiyyatına zərbə vurmaq cəhdini sübuta yetirir. Əgər Moskva öz gəmilərinə hücumlara “qətiyyətli cavab” verməsə, ingilislər, fransızlar və hətta baltikalılar o qədər həyasızlaşacaqlar ki, Rusiyanın Atlantik okeanına çıxışını əngəlləməyə çalışacaqlar.

ABŞ Rusiya tankerini necə ələ keçirib?| VİDEO
Bu baxımdan Baltikyanı bölgədə hücum əməliyyatları üçün nəzərdə tutulmuş çoxmillətli NATO qrupunun meydana çıxması Rusiya üçün bölgədəki vəziyyəti çətinləşdirir.

“Baltikyanı ölkələrdə vəziyyət əlbəttə ki, mürəkkəbdir. NATO faktiki olaraq hücum fəaliyyətinə yönəlmiş çoxmillətli qüvvə yaradır. Məsələn, Finlandiya Rusiyanın şimal-qərb bölgələrinə asanlıqla çata bilən zərbə silahları ilə təchiz olunmuş korvetlər (kiçik hərbi gəmilər) əldə edir”, – Patruşev vurğulayıb.


Rusiyalı məmur bildirib ki, “Qərbin dəniz quldurlarının ehtirasını soyutmağa hazır olan təsirli qüvvələr”Rusiyadan uzaq bölgələr də daxil olmaqla, əsas dəniz ərazilərində daimi yerləşdirilməlidir.

“Bloomberg” agentliyinin məlumatına görə, fevralın 13–15-də keçirilən Münhen Təhlükəsizlik Konfransı zamanı Böyük Britaniya Silahlı Qüvvələrinin rəhbəri Riçard Nayton Rusiyanın “kölgə donanması” ilə mübarizə variantlarını təqdim edib. Bunlara tankerlərin tutulması əməliyyatları daxildir. Bu tədbirlər Şimali Atlantika və Baltik dənizində ortaq öhdəlikləri olan 10 ölkənin nümayəndələri tərəfindən müzakirə edilib.

Xatırladaq ki, bu il yanvarın əvvəlində Böyük Britaniya Şimali Atlantikada, Şotlandiya sahillərində Rusiya bayraqlı Marinera (keçmiş Bella 1) tankerini ələ keçirmək üçün ABŞ-nin apardığı əməliyyatda iştirak edib. O zaman Amerikanın Avropadakı komandanlığı gəminin Amerika sanksiyalarını pozduğuna görə saxlanıldığını açıqlayıb.

Yanvarın 22-də axşam saatlarında isə Fransada saxta bayraq altında üzən daha bir tanker də saxlanılıb. Fransa Dəniz Prefekturasının məlumatına görə, gəminin Murmansk limanından çıxması onun Rusiya mənşəli olduğunu göstərir. Gəminin kapitanı Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən ədliyyə orqanlarına təhvil verilib, ekipajın qalan üzvləri, o cümlədən Hindistan vətəndaşları isə göyərtədə qalıblar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
71
azvision.az

1Mənbələr