Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və uzaqgörən siyasətçi kimi ölkənin geosiyasi mövqeyini dəqiq təhlil edərək dövlət siyasətinin əsas prioritetlərini müəyyənləşdirib. Azərbaycanın inkişaf strategiyasının mərkəzində güclü iqtisadiyyatın formalaşdırılması, siyasi-iqtisadi sabitliyin qorunması və uzunmüddətli dayanıqlı inkişaf dayanır.
Dövlət başçısı yüksək peşəkarlıqla ölkənin açıq dənizlərə və okeanlara birbaşa çıxışının olmamasını Asiya ilə Avropa arasında yerləşmənin yaratdığı strateji üstünlüklərlə uğurla kompensasiya edib. Bu baxımdan Orta Dəhliz layihəsi Prezident İlham Əliyevin həyata keçirdiyi ən mühüm geosiyasi və geoiqtisadi təşəbbüslərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar Azərbaycan Prezidentinin regional və qlobal proseslərdə həyata keçirdiyi siyasəti AZƏRTAC-a şərh edərkən deyib.
Onun sözlərinə görə, Trans-Xəzər marşrutu üzərindən reallaşan Orta Dəhliz Azərbaycanın Avrasiya məkanında əsas nəqliyyat arteriyalarının kəsişdiyi nadir ölkələrdən biri statusunu daha da möhkəmləndirir. Professor qeyd edib ki, Orta Dəhlizin potensialının tam şəkildə reallaşdırılmasında rəqəmsal infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə atılacaq addımlar layihənin səmərəliliyini və rəqabət qabiliyyətini artıracaq.
“Prezident İlham Əliyevin bu istiqamətdə atdığı ardıcıl addımlar logistika xidmətlərinin təkmilləşdirilməsinə, vahid nəqliyyat operatorlarının yaradılmasına, texniki və tarif şərtlərinin müasirləşdirilməsinə, inzibati maneələrin aradan qaldırılmasına və qapalı logistika dövrəsinin formalaşdırılmasına xidmət edir. Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması üçün marşruta artan beynəlxalq maraqdan maksimum istifadə olunur, eyni zamanda, infrastrukturun genişləndirilməsi məqsədilə yeni ölkələrin cəlb edilməsi istiqamətində mühüm addımlar atılır. Beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq Şərq–Qərb istiqamətində yüklərin daşınmasının sabitliyini və operativliyini təmin edəcək”, - deyə professor bildirib.
O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sənədinin Orta Dəhlizin perspektivlərinə müsbət təsirini nəzərə alaraq, bu marşrutun əsas seqmentlərindən biri olan Zəngəzur (TRIPP) dəhlizinin regionda yeni əməkdaşlıq formatlarının formalaşmasına xidmət etməsi üçün mühüm addımlar atır. Bu təşəbbüs bölgədə sülhün möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və davamlı tərəqqinin təmin olunmasına mühüm töhfə verir.
“Türk dünyasını birləşdirəcək bu dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları Azərbaycanın ərazisində Şərq–Qərb və Şimal–Cənub marşrutları ilə inteqrasiya olunacaq. Bu isə beynəlxalq daşımalar üçün Orta Dəhlizi ən cəlbedici marşrutlardan birinə çevirir. Orta Dəhliz alternativ yol deyil, əksinə, region dövlətləri ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyü, bölgədə formalaşan sülh mühitinin yeni regional inkişaf modelinin avanqardına çevrilən strateji keçid yoludur. Bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını və yük dövriyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə Aygün Attar qeyd edib.
Professor əlavə edib ki, Orta Dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində “qazan-qazan” prinsipinə cavab verən nadir marşrutdur və ilk növbədə, Azərbaycanın, eləcə də bütövlükdə regionun inkişafında xüsusi rol oynayaraq yeni əməkdaşlıq formatlarının yaranmasına, sülhün və tərəqqinin möhkəmlənməsinə xidmət göstərəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.