AZ

Qızılla bağlı ŞOK xəbərdarlıq: “Sizi soyub, talan edəcəklər”

2026-cı ilin maliyyə bazarları üçün son dərəcə çətin və riskli il olacağı ilə bağlı xəbərdarlıq edən türk maliyyə analitiki İslam Memiş investorları xüsusilə kredit və leverec əməliyyatlardan uzaq durmağa çağırır. Onun sözlərinə görə, qarşıdakı dövr “qazanc ili” deyil, “mövcudu qoruma ili” olacaq. Memiş hesab edir ki, bazarlarda manipulyasiya xarakterli hərəkətlər artacaq, qiymətlər süni şəkildə şişirdiləcək və ardınca sərt enişlərlə investorların vəsaiti əllərindən alınacaq. O, xüsusilə qısa müddətdə zəngin olmaq istəyənləri sərt dillə xəbərdar edərək bildirir ki, leverec sisteminə girənlərin böyük hissəsi müflis olacaq.

Ekspert levereci “zər atmağa” bənzədir. Məsələn, 1.000 dollarla 10.000 dollarlıq əməliyyat açmaq ilk baxışda cəlbedici görünə bilər. Lakin bazar cəmi 10 faiz əks istiqamətdə hərəkət etdikdə investorun bütün vəsaiti silinir. Son həftələrdə gümüş bazarında baş verən hadisəni nümunə göstərən Memiş qeyd edir ki, qiymət cəmi iki saat ərzində 10 faiz aşağı düşüb. Bu isə levereclə əməliyyat edənlər üçün faktiki olaraq hesabın sıfırlanması deməkdir. Onun fikrincə, 2026-cı ildə hər ay yeni bir “tələ” qurula bilər və emosional qərar verənlər ciddi zərər görəcəklər.

Qızıl bazarında da vəziyyət sabit deyil. Son həftələrdə qiymətlər əvvəlcə kəskin şəkildə ucuzlaşıb, daha sonra yenidən toparlanaraq Türkiyə bazarında 7 min lirə həddini keçib. Lakin Memiş qızıl və gümüşün bu ilin “çempion aktivləri” olmayacağını düşünür. Xüsusilə gümüş investorlarına müraciət edərək yanvar ayında “şarın partlayacağı” barədə etdiyi xəbərdarlığı xatırladıb və bazarın həddindən artıq şişirdildiyini bildirib. Onun yanaşmasına görə, qızıl və gümüş satılmaq üçün deyil, dəyər qoruma vasitəsi kimi saxlanılmalıdır. Əgər investor konkret olaraq ev və ya avtomobil kimi real aktiv almayacaqsa, qızılı satıb nağd pula keçmək risklidir. Çünki yüksək inflyasiya və valyuta dalğalanmaları şəraitində nağd pul dəyər itirə bilər.

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənlik həqiqətən artmaqdadır və xüsusilə geosiyasi risklər, mərkəzi bankların faiz siyasəti və böyük fondların spekulyativ hərəkətləri qiymətlərin kəskin dəyişməsinə səbəb olur.

Onun sözlərinə görə, leverec əməliyyatları peşəkar treyderlər üçün belə ciddi risk daşıyır:

“Maliyyə bazarlarında borcla əməliyyat aparmaq yüksək risk deməkdir. Bazarın istiqamətini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Qısa müddətli qazanc istəyi investorları emosional qərarlara sürükləyir və nəticədə zərər qaçılmaz olur. Fiziki qızılın uzunmüddətli perspektivdə qoruyucu aktiv kimi rolu qalır, lakin qısa müddətli spekulyasiya üçün uyğun alət deyil. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə investorlar kredit götürərək və ya borc vəsaiti ilə bazara daxil olduqda risk ikiqat artır. Çünki həm aktivin qiyməti düşə bilər, həm də borcun dəyəri dəyişə bilər. 2026-cı ildə əsas strategiya risklərin bölüşdürülməsi, borcdan uzaq durmaq və likvidlik ehtiyacını düzgün planlaşdırmaq olmalıdır”.

Ekspert əlavə edir ki, “mövcudu qoruma ili” yanaşması məntiqlidir:

“Yəni investorun əsas məqsədi sürətli qazanc deyil, real alıcılıq qabiliyyətini saxlamaq olmalıdır. Bunun üçün isə emosional deyil, rasional qərarlar, uzunmüddətli planlama və risklərin düzgün hesablanması vacibdir”.

Tunar
NOCOMMENT.az

Seçilən
98
nocomment.az

1Mənbələr