AZ

Bu ildən özəl sektorda çalışanlar nə qədər vergi və sosial sığorta haqqı ödəyir?

2026-cı ildən Vergi Məcəlləsində üç istiqamət üzrə 45 əsas dəyişiklik qüvvəyə minib. Bu istiqamətlər investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin əməkdaşı Toğrul Sadıxov özəl sektorda çalışan işçilərin gəlir vergisi ilə bağlı yenilikləri şərh edib.

T.Sadıxovun sözlərinə görə, bu ildən etibarən həmin sahələrdə proqressiv vergi dərəcələndirilməsi həyata keçirilir: “Məlum olduğu kimi, 2019-cu ilin 1 yanvar tarixindən etibarən 7 il müddətinə neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində çalışan şəxslərin əməkhaqqı gəlirləri 8.000 manata qədər 0 faiz dərəcə ilə, 8.000 manatdan yuxarı isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu. 2026-cı ilin 1 yanvar tarixindən etibarən isə həmin işçilər üçün proqressiv vergi dərəcələndirilməsi həyata keçirilir. Belə ki, əməkhaqqı gəlirlərinin 2.500 manata qədər olan hissəsi 3 faiz dərəcə ilə, 2.500 manatdan 8.000 manata qədər olan hissəsi 10 faiz dərəcə ilə, 8.000 manatdan yuxarı hissəsi isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. Eyni zamanda, 3 faiz dərəcə 2028-ci ilədək proqressiv şəkildə artacaq və əməkhaqqı gəlirlərinin 2.500 manata qədər olan hissəsi 2027-ci ildə 5 faiz, 2028-ci ildə 7 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Dəyişikliyin müsbət tərəfi bundan ibarətdir ki, proqressiv vergi dərəcələndirilməsi dərhal deyil, üç il ərzində həyata keçiriləcək. Həmçinin, fiskal yükün aşağı dərəcəli artımı əmək müqavilələrinin bağlanılmasından yayınma və “kölgə iqtisadiyyatı”na meyil göstərilməsi riskini azaldacaq. İqtisadi təhlillər nəticəsində muzdlu işçilərin əksəriyyətinin əməkhaqqının 2.500 manatadək olduğunu nəzərə alsaq, 2026-cı il üzrə kumulyativ yük cəmi 3 faiz artıb. Eyni zamanda, proqressiv vergi dərəcələndirilməsi nəticəsində aşağı əməkhaqqı alanlar aşağı dərəcə ilə, yuxarı əməkhaqqı alanlar isə yuxarı dərəcə ilə vergiləndirilir”.

T. Sadıxov əlavə edib ki, özəl sektorda çalışan işçilərin və işəgötürənlərin də məcburi dövlət sosial sığorta haqlarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib: “Belə ki, gəlirlərin 200 manatadək olan hissəsi işçiyə münasibətdə 3 faiz, işəgötürənə münasibətdə 22 faiz dərəcə ilə, 200 manatdan 8.000 manatadək olan hissəsi işçiyə münasibətdə 10 faiz, işəgötürənə münasibətdə 15 faiz dərəcə ilə, habelə 8.000 manatdan çox olan hissəsi işçiyə münasibətdə 10 faiz, işəgötürənə münasibətdə 4 faiz azaldılaraq 11 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Seçilən
25
3
azpost.info

4Mənbələr