AZ

Enerji təhlükəsizliyində Azərbaycan faktoru: regional liderlikdən qlobal tərəfdaşlığa

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tural Rzayev

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının əməkdaşı

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində güc balansı və təhlükəsizlik anlayışı əhəmiyyətli dərəcədə dəyişmişdir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, terrorizmə qarşı mübarizə, kiber təhlükəsizlik və regional münaqişələrin idarə olunması artıq qlobal gündəliyin əsas mövzularıdır. Bu kontekstdə Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan regional liderlik mövqeyindən çıxaraq qlobal təhlükəsizlik sistemində mühüm aktora çevrilməkdədir.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb siyasi və iqtisadi böhran mərhələsi ilə üzləşmişdir. Dövlət idarəçiliyində qeyri-sabitlik, iqtisadi tənəzzül və xarici təzyiqlər ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdidlər yaradırdı. Belə bir şəraitdə - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi əsas strateji vəzifələr ölkədə sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq arenada tanınması oldu. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilən xarici siyasət balanslaşdırılmış yanaşma əsasında ölkənin milli maraqlarına uyğun formalaşdırıldı.

Dahi liderin müəyyənləşdirdiyi xarici siyasət kursu çərçivəsində Azərbaycan beynəlxalq və regional təşkilatlarla əməkdaşlığını genişləndirdi. Ölkə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda iştirak edərək beynəlxalq nüfuzunu artırdı.

Xarici siyasətdə balanslaşdırılmış siyasətin əsas sütunlarından biri enerji diplomatiyası idi. Bu kontekstdə 1994-cü ildə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında mühüm rol oynadı. Bu müqavilə çərçivəsində dünyanın aparıcı neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda hasilat layihələrinə cəlb olundu. Əməkdaşlıq nəticəsində ölkəyə böyük həcmdə xarici investisiya axını təmin edildi, iqtisadi sabitlik gücləndi və Azərbaycanın beynəlxalq əhəmiyyəti artdı. Saziş həmçinin Azərbaycanın enerji resurslarını beynəlxalq bazarlara çıxarmaq üçün etibarlı və şəffaf hüquqi mexanizm yaratdı. Enerji diplomatiyası yalnız “Əsrin müqaviləsi” ilə məhdudlaşmadı. Ümumilli Liderin də dediyi kimi: “Xəzər dənizində ilk dəfə neft hasilatına başlayan Azərbaycanın XX əsrin sonunda bu hövzənin zəngin enerji ehtiyatlarını dünya üçün açması, heç şübhəsiz, dünya birliyi, dünya iqtisadiyyatı ilə sıx inteqrasiya olunmaq istəyindən irəli gəlmişdir.” Bu sahədəki fəaliyyət daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri layihələrlə genişləndirildi. Bu layihələr regionda nəqliyyat və enerji infrastrukturu sahəsində strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın geosiyasi mövqeyini də gücləndirmiş oldu.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş enerji siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir tələb və çağırışlara uyğun inkişaf etdirilmişdir. Azərbaycanın enerji siyasəti milli iqtisadiyyatın dayanıqlılığını təmin edir, beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir, regional sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.

Azərbaycanın enerji resurslarına olan tələbatın artması və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verməsi sözügedən mühüm görüşlərdə iştirakçı olan ölkələrin sayının ildən-ilə artması prizmasında özünü aydın şəkildə təzahür edir. Bu gün Azərbaycan elektrik enerjisi fonunda Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli və struktur töhfə verən ölkə kimi mövqe nümayiş etdirir, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. Neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təminatında mühüm rol oynayır və tərəfdaş ölkələrin enerji mənbələrinin şaxələndirilməsinə real töhfə verir. Həmçinin “Zəngəzur” elektrik ötürmə xəttinin tikintisi, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerjisi sistemi ilə birləşdirilməsi, eləcə də Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bu təşəbbüslər ölkəmizin enerji diplomatiyasını daha da gücləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilən strateji xəttə uyğun olaraq enerji təhlükəsizliyi məsələsi yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin və beynəlxalq əməkdaşlığın əsas sütunlarından biri kimi qiymətləndirilir. Bu siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş, sabit təchizatçı və regionda enerji körpüsü rolunu uğurla icra edən dövlət kimi beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirmişdir.

Beləliklə, mövcud geosiyasi çağırışlar fonunda Azərbaycan enerji resurslarının səmərəli idarə olunması, nəqli marşrutlarının şaxələndirilməsi və bərpaolunan enerji potensialının inkişafı vasitəsilə həm regional, həm də qlobal enerji təhlükəsizliyinə davamlı və uzunmüddətli töhfələr verməkdədir.

 Azərbaycan–Türkiyə enerji əməkdaşlığı son illərdə strateji səviyyəyə yüksələrək regionun enerji xəritəsini formalaşdıran əsas amillərdən birinə çevrilib. Azərbaycan, xüsusilə TANAP layihəsi vasitəsilə Türkiyənin təbii qaz təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. TANAP, Cənub Qaz Dəhlizi çərçivəsində Xəzər qazını Türkiyə üzərindən Avropaya çatdıraraq həm Türkiyənin enerji təhlükəsizliyini gücləndirir, həm də tək mənbədən asılılığını azaldır.  Azərbaycan Rusiya, İran, Qazaxıstan və Türkmənistanla qarşılıqlı enerji layihələri və danışıqlar aparır, regional əməkdaşlığı gücləndirir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Bərpaolunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji”yə keçid istiqamətində atılan ardıcıl addımlar Azərbaycanın enerji strategiyasına yeni məzmun qazandırır. Xüsusilə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi, günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ölkəmizin enerji balansında alternativ mənbələrin payını artırmaqla yanaşı, ixrac potensialını da genişləndirir. 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə qədər çatdırılması nəzərdə tutulmaqdadır.

Azərbaycan enerji diplomatiyası ölkənin iqtisadi və siyasi maraqlarını qorumaqla yanaşı, beynəlxalq enerji bazarında strateji rolunu artırır. Bu sahədə həyata keçirilən uğurlu layihələr və regional əməkdaşlıq ölkənin həm Avropa, həm də Asiya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmasına imkan verir. Ölkə başçısının rəhbərliyi ilə gələcəkdə də Azərbaycanın enerji diplomatiyası həm mövcud layihələrin səmərəliliyinin artırılması, həm də yeni enerji marşrutlarının inkişaf etdirilməsi istiqamətində davam edəcəkdir.

“Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən bu fikir bir daha təsdiq edir ki, enerji təhlükəsizliyində Azərbaycan faktoru artıq təkcə regional liderliyin göstəricisi deyil, qlobal tərəfdaşlığın və beynəlxalq sabitliyin mühüm dayaqlarından birinə çevrilmişdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr