AZ

Hakim partiyada sürpriz dəyişikliklər gözlənilir Tarix və siyahı bilindi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, fevralın 9-da Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Lakin o, həm də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və aparat rəhbəridir. 

Hazırda Tahir Budaqov rəsmən YAP-dakı vəzifəsində qalırsa, bu, hüquq pozuntusu sayıla bilər? YAP-da aparat rəhbəri dəyişikliyi olacaqmı?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna əsasən partiyalar hər beş ildən bir qurultay keçirməlidirlər:

“YAP son  qurultayını 2021-ci ilin martında keçirib, növbətisi 2026-cı ilin martında baş tutmalıdır. Artıq bəzi informasiya resurslarında partiyanın həmin tarixdə qurultaya gedəcəyi barədə məlumatlar yayılıb. Qurultay ərəfəsində partiya rəhbərliyində dəyişiklik ehtimalları da müzakirə olunur. Xüsusilə Tahir Budaqovla bağlı mümkün qərarlar diqqət mərkəzindədir. Təcrübə göstərir ki, partiyanın icraedici rəhbərliyində təmsil olunan şəxslərin parlamentdə də yer alması siyasi çəkini və institusional mövqeyi gücləndirir.

Məsələn, Əli Əhmədov 1999-cu ildə partiyanın icra katibi təyin edilərkən Xətai Rayon İcra Hakimiyyətinin başçısı idi, 2000-ci ildə isə Milli Məclisə deputat seçildi və uzun müddət parlamentdə fəaliyyət göstərdi. Daha sonra Prezident onu Baş nazirin müavini təyin etdi. Bu baxımdan gözlənilirdi ki, Tahir Budaqov 2024-cü il parlament seçkilərində partiya siyahısı ilə Milli Məclisə düşəcək, lakin bu baş vermədi. Əvəzində o, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Qeyd etmək lazımdır ki, həmin rayonda müəyyən idarəetmə problemləri mövcud idi və dövlət başçısının etimad göstərdiyi, təcrübəli kadrın ora göndərilməsi zəruri sayılırdı”.

Politoloq xatırladıb ki, Tahir Budaqovun doqquz ilə yaxın icra başçısı təcrübəsi var:

“O, Nizami Rayon İcra Hakimiyyətinə rəhbərlik edib, daha əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, eləcə də Dövlət Statistika Komitəsinin sədri vəzifələrində çalışıb. Paytaxt təsərrüfatını yaxşı bilməsi və idarəçilik təcrübəsi onun bu təyinatını məntiqli göstərir. Nəzərə alsaq ki, partiyanın ən böyük rayon təşkilatı da məhz Nəsimi rayonu ərazisində yerləşir, bu amil də qərarın siyasi kontekstini gücləndirir. Ehtimal olunur ki, o, Nəsimi rayonuna müəyyən keçid mərhələsi üçün təyin edilib və gələcəkdə başqa vəzifədə irəli çəkilə bilər. Digər versiyaya görə isə dövlət başçısı onun icra strukturlarında fəaliyyətini davam etdirməsini məqsədəuyğun hesab edib və Tahir Budaqov partiya rəhbərliyindən kənarda qalacaq. Bu halda partiya rəhbərliyinə yeni simanın gətirilməsi mümkündür. Bununla bağlı mediada müxtəlif adlar səsləndirilir. Köhnə komandanın təmsilçilərindən Mübariz Qurbanlı, Səyyad Aran, Vüqar Rəhimzadə və Alqış Musayev kimi şəxslərin yenidən önə çəkilmə ehtimalı var. Eyni zamanda, gənc nəslin nümayəndələrinin də adı hallanır. Onlardan biri Ramin Məmmədovdur. O, müxtəlif dövrlərdə partiyanın Gənclər Birliyində, Diasporla İş üzrə Dövlət Komitəsində və Milli Məclisdə fəaliyyət göstərib, hazırda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edir”.

Zeynal Əmrəliyevin sözlərinə görə, digər mühüm məsələ partiya sıralarında mümkün intizam tədbirləri ilə bağlıdır:

“Partiyanın nizamnaməsinə əsasən, barəsində məhkəmə hökmü olan və cinayət törətmiş şəxslərin üzvlüyünə xitam verilir. Bu kontekstdə Ramiz Mehdiyev və digər bəzi keçmiş üzvlərlə bağlı qərarların gündəmə gələcəyi gözlənilir. O cümlədən, Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi sabiq icra başçıları – Musa Şəkiliyev və İslam Rzayev barədə də partiya daxilində qərar verilə bilər. Qurultay ərəfəsində struktur və idarəetmə modelində dəyişikliklərin aparılması da istisna edilmir. Partiyanın daha müasir və çevik idarəetmə xəttinə keçməsi ehtimalı müzakirə olunur. Hər halda qurultaya təxminən bir ay qalır. Bu müddət ərzində partiya rəhbərliyində və strukturunda hansı dəyişikliklərin baş verəcəyi aydınlaşacaq”.

Məsələnin hüquqi tərəfini izah edən vəkil Mehman Muradlı isə qeyd edib ki, Tahir Budaqovun icra başçısı təyinatından sonra hələ də YAP-dakı vəzifəsində qalması qanun pozuntusu deyil.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
107
globalinfo.az

1Mənbələr