AZ

Kommunal xidmətlər bahalaşacaq?

Pensiyaların artırılmasından sonra bazarda, xüsusilə gündəlik tələbat məhsullarının, o cümlədən su və əsas ərzaqların qiymətində artım müşahidə olunur. Bəs, sosial ödənişlərin artımı kommunal xidmət tariflərinə təsir göstərə bilərmi? Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bazar mexanizminin mahiyyəti ondan ibarətdir ki, hər hansı bir sahədə qiymət artımı baş verdikdə, bu proses birbaşa və ya dolayı şəkildə digər sahələrə də təsir göstərir.

“Dünya bazarında qiymət dəyişiklikləri, milli valyutanın dəyərində baş verən dalğalanmalar və xüsusilə idxaldan asılılıq amili daxili bazarda qiymətlərin formalaşmasına ciddi təsir edir. Kənd təsərrüfatı məhsullarında idxaldan asılılıq qiymət artımını qaçılmaz edən əsas səbəblərdəndir.

Bu məhsullar xarici ölkələrdən valyuta ilə alınır. Nəticədə daxili bazarda satış zamanı maya dəyəri yüksəlir və əlavə qiymət artımları yaranır. Bu səbəbdən müxtəlif sahələrdə qiymət artımı müəyyən mənada labüddür”, – deyə o, vurğulayıb.

Fazil Mustafa əlavə edib ki, iqtisadiyyat düzgün tənzimləndiyi halda sosial ödənişlərin artırılması vətəndaşların sosial müdafiəsinə müsbət təsir göstərir.

“Lakin kommunal xidmətlərin bahalaşması və sosial xərclərin artması əhalinin maliyyə yükünü ağırlaşdıra bilər.

Aidiyyəti qurumlar iqtisadi siyasəti formalaşdırarkən vətəndaşların sosial vəziyyətini nəzərə almalı, xüsusilə, kommunal xərclərin əhaliyə əlavə çətinlik yaratmaması üçün balanslı qərarlar qəbul etməlidirlər”. /pravda.az/

Seçilən
21
50
turkustan.az

10Mənbələr