AZ

Amerikalı və Niderlandlı pilotlar Ukrayna Hərbi Hava Qüvvələrində xidmət edir

F-16 eskadrilyasında xarici veteran pilotların müvəqqəti müqavilə əsasında cəlb edildiyi bildirilir...

Poliqon xəbər verir ki, Fransanın xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan Intelligence Online porlının yaydığı məlumata əsasən, Ukraynada fəaliyyət göstərən F-16 eskadrilyasının tərkibində Amerikalı və Niderlandlı təcrübəli pilotlar xidmət edir. Bildirilir ki, söhbət müvəqqəti müqavilələr əsasında cəlb olunmuş, rotasiya imkanı olan veteran hərbi pilotlardan gedir.

Nəşrin iddiasına görə, son həftələrdə formalaşdırılmış bu bölmə artıq paytaxt regionunun hava hücumundan müdafiə sistemində əsas rollardan birini oynayır. Xarici pilotların Rusiya tərəfindən buraxıldığı bildirilən qanadlı raketlər və pilotsuz uçuş aparatlarının dəf edilməsində iştirak etdiyi qeyd olunur.

Məlumata əsasən, Ukraynanın istifadəsinə verilmiş F-16 Fighting Falcon qırıcıları yüksək texnologiyalı hədəfləmə sistemləri ilə təchiz olunub. Xüsusilə, təyyarələrə quraşdırılan Lockheed Martin şirkətinin istehsalı olan Sniper hədəfləmə konteynerlərinin uzaq məsafədən hədəflərin aşkarlanması və müşayiəti üçün geniş imkanlar yaratdığı vurğulanır. Bu sistemlər sürətlə hərəkət edən obyektləri izləməyə, həmçinin mürəkkəb hava şəraitində effektiv əməliyyat aparmağa imkan verir.

Qeyd olunur ki, F-16 platformasının Ukrayna arsenalına daxil edilməsi ölkənin hava məkanının müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir. Bununla belə, sözügedən məlumatlar rəsmi Kiyev və ya Vaşinqton tərəfindən hələlik təsdiqlənməyib.

Məsələ ilə bağlı tərəflərin açıqlama verəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
104
poliqon.info

1Mənbələr