AZ

Sınanmış dostluq və sarsılmaz strateji ittifaq -DEPUTAT YAZIR



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri


15 fevral 2026-cı il tarixində cənab Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətləri yeni "strateji zirvəyə" daşıdı. Səfər qəbul edilən qərarlarla kifayət qədər yadda qalan oldu.

Cənab Prezident İlham Əliyevin Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclasındakı çıxışı Azərbaycanın xarici siyasətindəki "etibarlı tərəfdaş" və "müstəqil güclü dövlət" prinsiplərini bir daha nümayiş etdirdi. Dövlət başçısı öz çıxışında Serbiya ilə münasibətlərin artıq sınaqdan çıxmış bir dostluq nümunəsi olduğunu vurğulayaraq bu tərəfdaşlığın hər iki ölkənin suverenliyi və milli maraqları üzərində qurulduğunu xüsusi qeyd etdi. O, Azərbaycanın iqtisadi potensialının və Avropanın enerji xəritəsindəki rolunun Serbiya ilə əməkdaşlıq müstəvisində yeni imkanlar açdığını bildirdi.

İclasda cənab Prezident xüsusilə energetika və müdafiə sənayesi sahələrindəki konkret layihələrə toxundu. O qeyd etdi ki, Azərbaycan qazının Serbiya bazarına çatdırılması təkcə ticari məsələ deyil, həm də regionun ümumi təhlükəsizliyinə verilən strateji töhfədir. Bununla yanaşı, dövlət başçısı hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də ərazi bütövlüyü məsələsinə yanaşmadakı həmrəyliyini yüksək qiymətləndirərək, bu siyasi iradənin gələcək iqtisadi uğurlar üçün möhkəm təməl olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev Strateji Tərəfdaşlıq Şurasının ilk iclasındakı çıxışında münasibətlərin mahiyyətini bu sözlərlə ifadə etdi: "Bizim sözümüz imzamız qədər dəyərlidir. Azərbaycan və Serbiya hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü prinsipial şəkildə dəstəkləyən, çətin anlarda bir-birinə arxa duran strateji tərəfdaşlardır."

Mətbuata bəyanatında dövlət başçısı ilk növbədə iki ölkə arasındakı sarsılmaz dostluğa toxunaraq, Azərbaycan və Serbiyanı "daim bir-birinin yanında olan iki doğma ölkə" kimi xarakterizə etdi. Prezident xüsusi vurğuladı ki, ölkələrimiz arasında beynəlxalq müstəvidə qarşılıqlı dəstək artıq bir ənənəyə çevrilib. "Biz təkcə siyasi müstəvidə və beynəlxalq arenada sıx əməkdaşlıq etmirik, həm də mühüm layihələri birlikdə icra edirik", – deyən İlham Əliyev bu tərəfdaşlığın hər iki xalqın rifahına xidmət etdiyini bildirdi.

İqtisadi əməkdaşlığın gələcək perspektivlərindən danışan dövlət başçısı Azərbaycanın Serbiyaya böyük həcmdə investisiya yatırmaq niyyətini açıqladı. O qeyd etdi ki, xüsusilə elektrik stansiyalarının tikintisi və reabilitasiyası sahəsində ciddi planlar mövcuddur: "Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının inşası hər bir ölkənin gələcək inkişafını təmin edən amildir". Bu bəyanat, Azərbaycanın artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də strateji investor kimi çıxış etdiyinin göstəricisi oldu. Mətbuata bəyanatında İlham Əliyev gələcək iqtisadi vizyonu bu cəsarətli sitatla yekunlaşdırdı: "Biz Serbiyanın iqtisadi inkişaf tempini yüksək qiymətləndiririk və buradakı investisiya mühitinə tam inanırıq. Azərbaycan Serbiyada böyük həcmdə elektrik stansiyalarının tikintisinə və infrastruktur layihələrinə sərmayə qoymağa hazırdır. Bizim əməkdaşlığımız sadəcə enerji satışı ilə bitmir, biz birlikdə qururuq və yaradırıq."

Azərbaycanın Lideri həmçinin hər iki dövlətin suverenlik məsələsindəki qətiyyətini ön plana çıxardı. O, Serbiya xalqının öz dövlətçiliyini qorumaq üçün göstərdiyi fədakarlıqları yüksək qiymətləndirərək, Azərbaycanın hər zaman Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını bəyan etdi. "Bizim gələcək üçün aydın planlarımız var: siyasi, iqtisadi və enerji sahələrində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda bir-birimizi dəstəkləməyə davam etmək", – deyə dövlət başçısı vurğuladı.

Səfərin ən yadda qalan və xalqları sevindirən müjdələrindən biri də Bakı-Belqrad birbaşa aviareysinin anonsu oldu. Prezident qeyd etdi ki, coğrafi məsafələrə baxmayaraq, iki xalqın qəlbi birdir: "Bu gün Bakı və Belqrad bir-birinə heç vaxt olmadığı qədər yaxındır. Birbaşa uçuşlar həm turizmin, həm də insanlarımız arasındakı doğma münasibətlərin inkişafına yeni nəfəs verəcək."

Həmçinin, cənab Prezident Vuçiçin Azərbaycanın Zirə pomidoru və Naxçıvan məhsullarına olan heyranlığını dilə gətirməsi, görüşün nə qədər səmimi və "ailə mühitində" keçdiyinin sübutu idi.

Nəticə olaraq, bu tarixi səfər cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə necə etibarlı və güclü bir tərəfdaş olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bakı və Belqrad artıq sadəcə iki paytaxt deyil, ortaq gələcəyə addımlayan iki strateji müttəfiqdir.




Seçilən
26
aia.az

1Mənbələr