AZ

Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu - MÜSAHİBƏ

"APA-Economics" AccessBank-ın İdarə Heyəti Sədrinin müavini, Baş Maliyyə İnzibatçısı Orxan İsmayılovla olan müsahibəni təqdim edir:

- 2025-ci ili AccessBank üçün maliyyə nəticələri baxımından necə dəyərləndirirsiniz? İlin yekunları ilə bağlı hansı əsas məqamları qeyd etmək istərdiniz?

- 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə göstəriciləri ilə xarakterizə olunub. Hesabat dövründə ölkə iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda müşahidə olunan 2.7%-lik real artım maliyyə sektorunun fəaliyyətinə müsbət təsir göstərib, bankın əməliyyat və biznes göstəricilərində artım dinamikasını dəstəkləyib.

Hesabat ili ərzində Bankın əsas maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirib. Aktivlər ötən illə müqayisədə 19.2% və ya 285 mln. manat artaraq 1.8 mlrd. manat təşkil edib. Kredit portfeli 15.9% artım göstərərək 1.3 mlrd. manatı ötüb. Cəmi öhdəliklər 17.9% artaraq 1.5 mlrd. manat səviyyəsinə çatıb. Depozit portfeli 1.1 mlrd. manat olub, aktiv müştəri sayı isə 300 mini keçib.

Kredit portfelinin artımı əsasən Bankın strateji prioriteti olan biznes seqmenti hesabına təmin edilib. Hazırda kredit portfelinin 75%-dən çoxu biznes kreditlərinin payına düşür. Bu istiqamətdə portfel il ərzində 121 mln. manat artıb. Bank mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi sahəsində bazarda liderlik mövqeyini qoruyub saxlayıb, sektor üzrə maliyyə institutlarının təqdim etdiyi ümumi kredit portfelində təxminən 25% paya sahib olub.

Hesabat dövründə iri korporativ müştərilərlə əməkdaşlıq da genişləndirilib. Xüsusilə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Risklərin Bölgüsü Mexanizmi çərçivəsində bir sıra maliyyələşdirmə layihələri həyata keçirilib. Bu mexanizm üzrə “AZZA” şirkəti ilə 14 mln. manat, “AzVirt” MMC ilə isə 5 mln. avro məbləğində üçtərəfli kredit müqavilələri bağlanıb.

Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq 2025-ci ildə daha da intensivləşib. İl ərzində beynəlxalq maliyyə qurumlarından 100 mln. manatdan artıq vəsait cəlb edilib, əlavə olaraq 10 mln. ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi əldə edilib. Bunun nəticəsində xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin ümumi həcmi 200 mln. manatı ötüb.

Maliyyə göstəricilərinə gəldikdə, faiz gəlirləri 256 mln. manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 14.1% artım deməkdir. Xalis faiz gəlirləri 156 mln. manat səviyyəsində olub. Əməliyyat mənfəəti 76 mln. manata çatıb, bu göstərici 2024-cü illə müqayisədə 6 mln. manat artım nümayiş etdirib.

Bank hesabat ilini 49.1 mln. manat xalis mənfəətlə başa vurub. Kapitalın gəlirliliyi (ROE) 25.5% təşkil edib. Məcmu kapital 238 mln. manata yüksəlib ki, bu da Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının gücləndiyini göstərir.

- 2025-ci ilin maliyyə yekunları AccessBank-ın müəyyən etdiyi strateji hədəflərlə nə dərəcədə uyğunluq təşkil edir? Əvvəlki illərlə müqayisədə bankın maliyyə göstəricilərində hansı əsas dəyişiklikləri qeyd edərdiniz?

- Nəticələrin təhlili göstərir ki, Bank tərəfindən müəyyən edilmiş strateji plan sistemli və ardıcıl şəkildə icra edilib. Strateji hədəflərin qiymətləndirilməsi qısamüddətli nəticələrlə deyil, uzunmüddətli dinamikanın təhlili ilə daha obyektiv şəkildə aparılır. Bu baxımdan, müqayisə üçün post-pandemiya dövrünün başlanğıcı olan 2021-ci ilin son göstəriciləri əsas götürülub.

2021-ci ilin sonu ilə müqayisədə Bankın əsas maliyyə indikatorlarında əhəmiyyətli artım qeydə alınıb. Aktivlər təxminən iki dəfə artaraq 1.8 mlrd. manata, kredit portfeli isə iki dəfədən çox artaraq 1.3 mlrd. manata çatıb. Məcmu kapital 80 mln. manatdan 238 mln. manata yüksəlib, yəni təxminən üç dəfə artım nümayiş etdirib. Eyni dövrdə kapital adekvatlığı göstəricisi 11.9%-dən 16.3%-ə yüksəlib. Strateji dövr ərzində kapitalın gəlirliliyi (ROE) göstəricisi isə davamlı olaraq 20%-dən yuxarı səviyyədə qorunub saxlanılıb.

Qeyd olunan dinamika Bankın strateji prioritetlərinin düzgün müəyyənləşdirilməsi və icrasının nəticəsi kimi qiymətləndirilə bilər. Bu inkişaf eyni zamanda risklərin idarə olunması mexanizmlərinin gücləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması, məhsul və xidmət portfelinin təkmilləşdirilməsi, eləcə də müştərilər üçün maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində atılmış ardıcıl addımların məntiqi nəticəsidir.

Beləliklə, strateji dövr ərzində əldə edilmiş nəticələr Bankın dayanıqlı biznes modelini, kapital bazasının möhkəmlənməsini və uzunmüddətli inkişaf potensialını təsdiqləyir.

- Əldə olunan maliyyə nəticələri bankın maliyyə dayanıqlılığı və uzunmüddətli inkişaf potensialı baxımından hansı qiymətləndirməyə imkan verir?

- Bankın dayanıqlılığı ilə bağlı məsələni qiymətləndirərkən, ilk növbədə risklərin idarə olunması çərçivəsinə diqqət yetirmək vacibdir. Risklər kontekstində adətən iki əsas komponent nəzərə alınır: gözlənilən zərərlər və gözlənilməz risklər. Gözlənilən zərərlərə qarşı bank tərəfindən yaradılmış ehtiyatların həcmi, gözlənilməz risklərə qarşı isə kapital mövqeyinin adekvatlığı əsas qiymətləndirmə meyarları hesab olunur.

Hesabat ili ərzində Bank tərəfindən potensial risklərə qarşı 16.3 mln manat məbləğində əlavə ehtiyat yaradılmışdır. Nəticədə, formalaşdırılmış ümumi ehtiyatların həcmi mövcud qeyri-işlək kreditləri üstələmişdir. Bu göstərici riskə məruz qalmış portfel üzrə ehtiyatlanmanın aparıldığını və mümkün zərərlərin bankın maliyyə sabitliyinə təsir imkanlarının minimuma endirildiyini göstərir.

Gözlənilməz risklərə qarşı dayanıqlılıq isə kapital mövqeyi ilə ölçülür. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 234.4 mln. manat təşkil etmiş, məcmu kapitalın adekvatlıq əmsalı isə 16.3%-ə yüksəlmişdir. Nəzərə alsaq ki, müvafiq requlyativ minimum normalar məcmu kapital üzrə 50 mln. manat, kapital adekvatlığı əmsalı üzrə isə 10.5% səviyyəsində müəyyən edilmişdir, Bankın bu göstəricilər üzrə əhəmiyyətli ehtiyat buferinə malik olduğu görünür.

Formalaşdırılmış kapital və ehtiyat mövqeyi Bankın risklərin absorbsiya qabiliyyətini gücləndirir, eyni zamanda qarşıdakı dövrlərdə planlaşdırılmış artım strategiyasının daha dayanıqlı əsaslar üzərində həyata keçirilməsinə imkan yaradır.

- Mövcud maliyyə göstəricilərini nəzərə alaraq, 2026-cı il üçün bankın əsas maliyyə gözləntiləri nədən ibarətdir? Gələn il üzrə maliyyə planlamasında daha çox ehtiyatlı yanaşma, yoxsa artıma yönələn strategiya üstünlük təşkil edəcək?

- Növbəti dövrlər üzrə planlaşdırma prosesi həyata keçirilərkən Azərbaycanın makroiqtisadi gözləntiləri, ölkənin müəyyən etdiyi iqtisadi prioritetlər, dövlət büdcəsi üzrə təsdiq edilmiş parametrlər və strateji hədəflər nəzərə alınıb. Mövcud proqnozlara əsasən, 2026-cı ildə iqtisadi artımın davam edəcəyi, ümumi daxili məhsulun real ifadədə təxminən 2.4%, qeyri-neft sektorunun isə 4%-dən artıq artacağı gözlənilir. Əvvəlki illərdə olduğu kimi, artımın əsas hərəkətverici qüvvəsinin məhz qeyri-neft sektoru olacağı proqnozlaşdırılır.

Bankın biznes modelini və investisiya portfelinin strukturunu nəzərə alsaq, əsas prioritet istiqamətin real sektorun, xüsusilə biznes seqmentinin maliyyələşdirilməsi olduğu aydın görünür. Bu baxımdan, növbəti dövr üçün planlarımız iqtisadi fəallığın genişlənməsi ilə paralel şəkildə kredit portfelinin keyfiyyətli və balanslı artımını nəzərdə tutur.

Bank 2026-cı ildə də biznes mühitinin maliyyələşdirilməsi vasitəsilə iqtisadi artım hədəflərinə töhfə verməyi planlaşdırır. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bu yanaşma həm iqtisadi şaxələndirmə siyasətinə, həm də inklüziv maliyyələşmə prinsiplərinə uyğun olaraq formalaşdırılıb.

- 2026-cı ildə AccessBank-ın maliyyə inkişafını şərtləndirəcək əsas prioritetləri necə müəyyən edərsiniz?

- Bankın strateji prioritetləri dəyişməz olaraq qalır. Əsas inkişaf istiqamətimiz mikro, kiçik və orta biznesin maliyyələşdirilməsidir. Mövcud makroiqtisadi konyunktur və qeyri-neft sektorunda müşahidə olunan artım tendensiyası bu seqmentlərin növbəti dövrdə də genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan, Bank tərəfindən sözügedən istiqamətdə kreditləşmənin balanslı və keyfiyyətli artımı planlaşdırılır.

Artımın maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qalır. 2025-ci il xarici borclanma baxımından aktiv dövr olmuş, Bank xarici mənbələrdən 100 mln. manat ekvivalentindən artıq vəsait cəlb edib. Hesabat ilinin sonuna ümumi xarici cəlbetmələrimiz 200 mln. manat ekvivalenti üzərində olub. Eyni zamanda, il ərzində BlueOrchard Finance beynəlxalq maliyyə fondundan 10 mln. ABŞ dolları məbləğində uzunmüddətli subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir ki, bu da Bankın kapital bazasının əlavə olaraq gücləndirilməsinə xidmət edib.

2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmanın davamı olaraq ölkənin beynəlxalq ticarətdə artan rolu, qeyri-neft sektorunda icra olunan iri layihələr və yaşıl enerji istiqamətində aparılan islahatlar Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini daha da artırıb. Bu dinamika çərçivəsində Bank həm mövcud, həm də potensial beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanlarını qiymətləndirir.

Eyni zamanda, xidmət şəbəkəsinin genişləndirilməsi və müştərilərə sürətli, yüksək keyfiyyətli xidmətlərin təqdim olunması əsas prioritetlər sırasında qalır. Müştəri məmnunluğunun artırılması yalnız fiziki filial şəbəkəsi vasitəsilə deyil, rəqəmsal kanalların inkişafı hesabına da təmin ediləcək. Xüsusilə mobil tətbiqin funksionallığının və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi, əsas bank xidmət və ödəniş alətlərinin rəqəmsal mühitdə əlçatanlığının artırılması planlaşdırılır.

Yuxarıda qeyd olunan istiqamətlər üzrə tədbirlərin icrası nəticəsində 2026-cı ilin də maliyyə göstəriciləri baxımından müsbət dinamika ilə yekunlaşacağı proqnozlaşdırılır. Bank kapital buferinin daha da möhkəmləndirilməsini, risklərin idarə olunması çərçivəsinin davamlı gücləndirilməsini və mənfəətlilik göstəricilərinin yaxşılaşdırılmasını strateji hədəf kimi müəyyən edib.

Seçilən
4
5
apa.az

6Mənbələr