Cəlilabadda qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Təhmasib Əliyev 18 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqust ayında Cəlilabad rayonunda baş verib. Qətl mülk üstündə baş verib. Qətli törətməkdə şübhəli bilinən Təhmasib hadisədən bir müddət öncə mülk davası zamanı Rəviyyə Nərimanovaya hədə-qorxu gəlib. Hadisə günü Təhmasib Əliyev pəncərədən evə daxil olaraq Rəviyyə Nərimanovanı yataq otağında qətlə yetirib.
Təqsirləndirilən Təhmasib Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.
"Cebheinfo.az"