“Dövlətin vətəndaşı kütləvi şəkildə izləmək üçün ayrıca “süni intellektə” ehtiyacı yoxdur və belə bir xətt nə hüquqi, nə də siyasi baxımdan məntiqli görünür. Süni intellekt bu gün dünyada əsasən xidmət keyfiyyətinin artırılması, təhlükəsizliyin gücləndirilməsi, dövlət xidmətlərinin sürətləndirilməsi və insan amilindən asılılığın minimuma endirilməsi üçün tətbiq olunur. Azərbaycan da bu qlobal trendlərdən kənarda qala bilməz. Dövlət idarəçiliyində texnologiyadan istifadə etmək müasir dövrün tələbidir və bunu avtomatik olaraq “təqib” kimi təqdim etmək doğru deyil”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Razi Nurullayev dövlətin süni intellekt vasitəsilə müxalifəti təqib edəcəyi barədə yayılan iddialara münasibət bildirərkən deyib.
Deputat bildirib ki, reallıq etiraf edilməlidir, texnologiya neytral alətdir və necə istifadə olunması əsas məsələdir: “Əgər süni intellektdən istifadə ediləcəksə, bu proses mütləq qanun çərçivəsində, açıq qaydalarla və ictimai nəzarət altında aparılmalıdır. Vətəndaşın şəxsi məlumatlarının qorunması, məxfilik hüququ və söz azadlığı kimi fundamental dəyərlər toxunulmaz qalmalıdır. Bu gün dövlətin qarşısında əsas çağırış vəzifəsi vətəndaşı izləmək yox, xidmətləri yaxşılaşdırmaq, təhlükəsizliyi təmin etmək, korrupsiyaya qarşı mübarizəni gücləndirmək və idarəetməni daha şəffaf etməkdir və belə də olmalıdır. Bir sözlə, radikal ritorika ilə texnoloji inkişafı qorxu obyektinə çevirmək düzgün yanaşma deyil. Amma eyni zamanda, cəmiyyətin sual verməsi, şəffaflıq tələb etməsi normaldır və bu prosesdə hüquqi mexanizmlər, ictimai nəzarət və açıq izahlar həlledici rol oynayır. Dövlət güclü olmalıdır, amma güclü dövlət vətəndaşın güvəni üzərində qurulur”.
Aytəkin Qardaşova