Ötən gün havanın temperaturu gündüz 15-20° isti olub. Bu gün isə gündüz 19-23° isti olacağı proqnozlaşdırılır.
Bəs fevral ayının ortalarında havaların günəşli müşahidə olunması normaldırmı?
Redaktor.az-a danışan ekoloq Sadiq Həsənov bildirdi ki, hazırda qışın ortasıdır:
"Qışın sona çatmasına hətta bir aydan da artıq vaxt qalıb. İndiki dövr üçün havanın belə günəşli keçməsi normal hal deyil, anormal haldır. Bu, bitkilərə və torpağa aldadıcı təsir göstərəcək və onlar oyanacaqlar. Əgər bu, uzun müddət davam etsə, məsələn, bir həftə davam etsə, bu, səbəb olacaq ki, bütün bitkilər, ağaclar oyansınlar, erkən çiçək versinlər".
O vurğuladı ki, havanın anormal olmasına görə sonradan soyuq hava kütlələri mütləq gələcək:
"Çünki adətən soyuq hava kütlələri fevral, mart, aprel aylarında davam edir və bu hava kütlələri bir neçə istiqamətdən Azərbaycana daxil olaraq havanı soyuda bilər. Yəni indi, hal-hazırda bizə daxil olan cənub hava kütlələridir, Aralıq dənizi üzərindən gəlib. Normal olmayan bir hal yaşayırıq. Ümid edək ki, bu, qısa müddətli olacaq".
Aytəkin TOFİQQIZI
