AZ

Dostluq və diplomatik münasibətlərdən strateji tərəfdaşlığa

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

Diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ərəfəsində olan Azərbaycan–Serbiya münasibətləri son 10 ildə xüsusilə sürətli inkişaf dövrü keçib. Bakı–Belqrad əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsində hər iki ölkənin rəhbərliyinin ortaya qoyduğu siyasi iradə və prinsipial mövqe mühüm rol oynayır. Azərbaycan və Serbiya prezidentlərinin yaxın dostluq əlaqələri də iki ölkə arasında münasibətlərin arzuolunan səviyyədə inkişaf etməsində mühüm faktorlardan birini təşkil edir. Məhz bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycan ilə Serbiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Müntəzəm olaraq baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər Bakı–Belqrad əlaqələrinə yeni rəng qatır, yeni əməkdaşlıq imkanları qazandırır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Serbiyaya rəsmi səfəri də bu baxımdan xüsusi önəm kəsb edir, desək, yanılmarıq. Hər halda, prezidentlər səviyyəsində baş tutan görüşdə hər iki ölkə liderinin qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları haqqında səsləndirdiyi fikirlər belə qənaət formalaşdırırdı.Hazırda Serbiya ilə Azərbaycan arasında əlaqələrə diqqət yetirsək, görərik ki, Bakı–Belqrad münasibətlərində əsas diqqət suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə yönəlir. Prezidentlər səviyyəsində baş tutan intensiv görüşlər və səfərlər, hökumətlərarası komissiyanın fəaliyyətinin intensivliyi siyasi əlaqələrin davamlılığını təmin edir.Azərbaycan və Serbiya beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini heç bir şərt olmadan dəstəkləyir. Bu da, öz növbəsində, iki ölkə arasında əməkdaşlığı uzunmüddətli və etibarlı edir. Etibarlılıq və qarşılıqlı anlaşma, öz növbəsində, iqtisadi-ticari əlaqələri də inkişaf etdirir və bu sahədə hər iki ölkə üçün yeni imkanlar açır. Eyni zamanda, gələcək planları müəyyənləşdirir.Elə Prezident İlham Əliyev də serbiyalı həmkarı ilə keçirdiyi görüşün yekunu olaraq mətbuata verdiyi açıqlamada buna xüsusi diqqət çəkərək dedi ki, gələcək planlarda həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq daha irəliyə baxmaq və çox güclü bir sinergiya yaratmaq dayanır.Azərbaycanla Serbiya münasibətlərində enerji sahəsində əməkdaşlıq əsas istiqamətlərdən birini təşkil edir. Birmənalıdır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bunu Belqrad da yaxşı dərk edir və özünün enerji təhlükəsizliyi üçün Bakıya etibarlı tərəfdaş kimi baxır. Bu sahədə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəf üçün fayda var. Təbii qaz tədarükünün genişləndirilməsi, qaz infrastrukturunun inkişafı və uzunmüddətli enerji müqavilələri gündəmdədir.Eyni zamanda, bərpa olunan enerji sahəsində əldə etdiyimiz uğurlar, ölkəmizin nəqliyyat və logistika imkanları, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi də Belqradın Bakıya olan marağının artmasını şərtləndirən amillərdəndir.Hər iki ölkənin potensialı və mövcud imkanları enerji sektorunda əməkdaşlığın daha da irəli aparılması üçün əlverişli fürsət yaradır. Elə Prezident İlham Əliyev də serbiyalı həmkarı ilə görüşdə buna diqqət çəkdi:“Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə edilməsinə nail olacaq. Bu, həm Serbiya bazarı, həm də gələcəkdə ixrac üçün imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”.Göründüyü kimi, Azərbaycan və Serbiya arasında münasibətlər artıq dostluq və diplomatik tərəfdaşlıq mərhələsini geridə qoyub. İndi Bakı ilə Belqrad strateji və iqtisadi inteqrasiya mərhələsinə qədəm qoyub. Bu isə hər iki ölkənin ilk növbədə maraqlarına, paralel olaraq iqtisadi inkişafına, regional əməkdaşlığın güclənməsinə və yeni investisiya imkanlarının meydana çıxmasına yol açır.Nəsib Məhəməliyev,Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
newscenter.az

4Mənbələr