AZ

"Mercedes” minlərlə avtomobilini geri çağırır

Müəllif:Mehin Qasımova,Banco.az

"Mercedes-Benz" yüksək gərginlikli batareyalarda yarana biləcək yanğın riski səbəbindən iki böyük bazarda eyni vaxtda geri çağırış elan edib.

Banco.az xəbər verir ki, geri çağırış ABŞ və Çində on minlərlə elektrikli SUV-ni əhatə edir. Bu  2021–2024-cü illərdə istehsal olunmuş "Mercedes-Benz EQA" və "Mercedes-Benz EQB" modellərinə aiddir.

ABŞ-da National Highway Traffic Safety Administration (NHTSA) qeydlərinə əsasən, təxminən 11 900 ədəd avtomobil  geri çağırılır. Problemin mənbəyi kimi "Farasis Energy" tərəfindən təchiz edilən bəzi batareya elementləri göstərilir. Bildirilir ki, bu elementlər yüksək doldurma səviyyələrinə davam gətirməyə bilər və nadir hallarda qısaqapanma və istilik sızmasına səbəb ola bilər. Bu isə avtomobil həm hərəkətdə, həm də park halında olarkən yanğın riskini artırır.

Çində isə Mercedes-in yerli tərəfdaşı "Beijing Benz" 1 aprel 2021-ci ildən 12 mart 2024-cü ilədək istehsal olunmuş 19 481 ədəd avtomobili geri çağırır. Şirkətin açıqlamasına görə, mövcud batareya idarəetmə sisteminin proqram təminatı bəzi elementlərin həddindən artıq yüklənməsinə səbəb ola və nəticədə qısaqapanma riskini artıra bilər.

Hər iki bazarda problemli avtomobillərin yüksək gərginlikli batareya paketləri səlahiyyətli servis mərkəzlərində pulsuz dəyişdiriləcək. Şirkət bildirir ki, yenilənmiş batareyaların istehsal prosesində əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub.

Dəyişdirmə prosesi tamamlanana qədər avtomobil sahiblərinə batareyanı 80%-dən yuxarı doldurmamaq və mümkün olduqda nəqliyyat vasitəsini açıq ərazidə park etmək tövsiyə olunur.

Seçilən
13
1
banco.az

2Mənbələr