İğdır Universitetinin və “İğdırda Azərbaycan Evi” Cəmiyyətinin təşəbbüsü ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Hafta.az xəbər verir ki, tədbiri açan Türkiyə–Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) baş katibinin müavini Serdar Ünsal 1992-ci ilin fevralında Xocalıda baş vermiş hadisələri “bütün Türk dünyasının ümumi ağrısı” adlandırıb.
O, ermənilər tərəfindən Xocalı şəhərinin və Azərbaycanın digər yaşayış məntəqələrinin dinc əhalisinə qarşı törədilmiş qanlı cinayətləri xatırladıb, ədalətin bərqərar olunmasına və Qarabağ bölgəsində törədilmiş vəhşiliklərin iştirakçılarının məsuliyyətə cəlb olunmasına çağırıb:
“Bu gün qışın soyuqları xatırlananda ilk növbədə 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr və 1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırım yada düşür. Azərbaycanda dinc nümayişçiləri yatırmaq üçün göndərilmiş sovet tankları, həmçinin ermənilərin Xocalıda törətdiyi qanlı cinayətlər xatırlanır”.
Ünsalın sözlərinə görə, İğdır sakinləri ermənilərin törətdiyi cinayətlər barədə məlumatlıdırlar. O, həmçinin 1915–1920-ci illərdə erməni silahlı dəstələrinin İğdırda və Şərqi Anadolunun digər bölgələrində törətdiyi kütləvi qətlləri və talanları xatırladıb. “Ermənilərin İğdırda törətdikləri miqyasına görə Xocalı soyqırımından geri qalmırdı”, - deyə S.Ünsal vurğulayıb və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsindən böyük sevinc hissi keçirdiyini bildirib.
İğdır Universitetinin müəllimi Sözer Akyıldırım Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərə diqqət çəkib.
O, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad edib, işğal olunmuş ərazilərin azad edilməsində iştirak etmiş Azərbaycan oğullarının qəhrəmanlığını və şücaətini vurğulayıb.
Proqramın yekununda İğdır vilayətində artıq 13-cü dəfə təşkil olunan Xocalı soyqırımı mövzusunda şeir, inşa və rəsm müsabiqələrində fərqlənmiş lisey şagirdlərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin qaliblərinə mükafatları İğdır Universitetinin prorektoru, professor Haktan Sevinç, Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun nümayəndəsi Davud Qurbanlı və digər şəxslər təqdim ediblər./azertag/