Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nepal hakimiyyəti həvəskar alpinistlər üçün Everest dağı zirvəsinə qalxmaq üçün lisenziyaların verilməsini qadağan etməyi planlaşdırır.
Redaktor.az "The Daily Telegraph"a istinadla xəbər verir ki, bu qərarın əsas səbəbi planetin ən hündür dağının turistlər, o cümlədən məşhur bloqerlər və kifayət qədər hazırlığı olmayan alpinistlər tərəfindən həddindən artıq yüklənməsidir.
Nəşr Nepalın turizm departamentinin direktoru Himal Gautam-a istinad edir. O bildirib ki, Everestə qalxmaq üçün icazə yalnız o halda veriləcək ki, müraciət edən şəxs daha əvvəl Nepalda ən azı 7 min metr hündürlüyündə bir zirvəni fəth etdiyini sübut etsin. Gautam əlavə edib ki, Nepal dağlarının özünəməxsus xüsusiyyətləri və çətinlikləri var, buna görə də oxşar şəraitdə əldə olunmuş təcrübə bədbəxt hadisələrin riskini azaltmağa kömək edəcək.
Bu addımla Kathmandu digər 462 zirvəyə də marağın artacağını gözləyir.
Qəzet Everest zirvəsinə aparan marşrutların həddindən artıq yükləndiyini də vurğulayır. Belə ki, 2019-cu ildə 8 min metrdən yuxarı — “ölüm zonası” adlandırılan yüksəklikdə — alpinistlərin uzun növbəsini əks etdirən foto bütün dünyada yayılmışdı. Bu yüksəklikdə oksigen təzyiqi dəniz səviyyəsindəkinin cəmi üçdə biri qədərdir və bu, insan həyatını uzun müddət qorumaq üçün kifayət etmir. Həmin il 11 nəfər həyatını itirmişdi.
Everestin populyarlığının kəskin artması statistika ilə də təsdiqlənir. 29 may 1953-cü ildə yeni zelandiyalı Edmund Hillary və nepallı şerpa Tenzing Norgay zirvəyə çatan ilk insanlar olublar. Həmin il bu zirvəyə 33 cəhd edilmişdi. 1980-ci ildə ümumi və uğurlu cəhdlərin nisbəti 234-ə 8 olduğu halda, 2024-cü ildə bu göstərici 1 263-ə 892 olub.
Qəzet həmçinin 2022-ci ildə 23 yaşında dünyanın 14 ən yüksək zirvəsini fəth edən ən gənc alpinist olan britaniyalı Adriana Brownlee-nin fikirlərinə yer verib. O, ideyanı uğursuz hesab etsə də, Everestdə həddindən artıq sıxlığın real problem olduğunu etiraf edib. Brownlee bildirib ki, təhlükəsizliyi başqa yollarla da artırmaq olar — məsələn, ekspedisiya təşkil edən şirkətlər üçün müəyyən standartların tətbiqi və ya alpinistlərin əvvəlcədən 7 min deyil, ən azı 6,5 min metr yüksəklikdə təcrübəsinin olması ilə.
Onun sözlərinə görə, Everestə qalxmaq üçün lisenziya verilməsi zamanı Nepalın Ama Dablam (6 812 m) və ya Argentinanın Aconcagua (6 959 m) zirvələrinin fəth edilməsi kifayət şərt kimi qəbul oluna bilər.
Xədicə BAXIŞLI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.