AZ

İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) strateji əhəmiyyət kəsb edən Hörmüz boğazı bölgəsində “Hörmüz boğazına ağıllı nəzarət” adlı dəniz təlimlərinə start verib.

TurkicWorld xəbər verir ki, təlimlər SEPAH-ın baş komandanı general-mayor Məhəmməd Pakpurun birbaşa rəhbərliyi və nəzarəti altında keçirilir.

Rəsmi IRNA və "Tasnim" agentliklərinin yaydığı məlumata görə, təlimlər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "kompleks, canlı və hədəf yönümlü" proqram çərçivəsində icra olunur. Təlimlərin əsas məqsədi dünyanın ən mühüm enerji dəhlizlərindən biri olan bu bölgədə mümkün hərbi təhdidlərə qarşı əməliyyat hazırlığını yoxlamaqdır. Manevrlər zamanı dəniz bölmələrinin hazırlıq səviyyəsi qiymətləndirilir, təhlükəsizlik planları nəzərdən keçirilir və boğaz ərazisində müxtəlif hərbi ssenarilər tətbiq edilir.

Təlimlər regionda İran və ABŞ arasında gərginliyin artdığı, eyni zamanda nüvə danışıqlarının yenidən başlanması ərəfəsinə təsadüf edir. Qeyd edək ki, Hörmüz boğazı qlobal neft istehlakının təxminən beşdə birinin daşındığı həyati əhəmiyyətli su yoludur. Rəsmi Tehran dəfələrlə bəyan edib ki, hücuma məruz qalacağı təqdirdə boğazı bağlamaq imkanlarını nəzərdən keçirə bilər.

Buna cavab olaraq ABŞ bölgədəki hərbi mövcudluğunu gücləndirib. "USS Abraham Lincoln" aviadaşıyıcısından sonra "USS Gerald R. Ford" gəmisinin də 5-ci Donanmanın əməliyyat zonasına daxil olmağa hazırlaşdığı bildirilir. ABŞ Nəqliyyat Nazirliyi Hörmüz boğazından keçən gəmilərə qarşı risklərin artması ilə bağlı xəbərdarlıq edərək, ticarət gəmilərinə Oman sahillərinə yaxın hərəkət etməyi tövsiyə edib.

Seçilən
18
turkic.world

1Mənbələr