Bakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.
Şahid E.M. təqsirləndirilən Elçin Vəliyevi tanımadığını bildirib:
"Mən hərbçiyəm. Həmin gün istirahət günü idi, evdə yatırdım. Qəfil gələn səsə oyandım. Paltarımı geyinib dərhal həyətə qaçdım. Gördüm ki, Təravət xanım yerdə qan içindədir, qonşular da başına toplaşıb. Onun qapısının qarşısında yerdə qanlı bıçaq vardı. Təravət xanım güclə mənə telefonunu verdi və dedi ki, sağ qolunu işlədə bilmir, kömək lazımdır, qızına zəng etməyimi istədi. Mən də kömək etdim, qızına zəng vurdum. Çox keçmədən təcili tibbi yardım briqadası gəldi, xanımı "Semaşko"ya apardılar".
Məhkəmə istintaqının başa çatdığı elan edilib.