Bakı, 16 fevral, Fidan Əlizadə, AZƏRTAC
Azərbaycanın turizm sənayesi yaz mövsümünə hazırdır. İlin əvvəlində müşahidə olunan durğunluğun fevral ayının sonundan etibarən aktiv fazaya keçəcəyi proqnozlaşdırılır.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.
Onun sözlərinə görə, yaz aylarının bir hissəsinin Ramazan ayına təsadüf etməsinə baxmayaraq, həm xarici qonaqların, həm də daxili turistlərin səfərlərinin aktiv olacağı gözlənilir.
“Artıq Novruz tətili günləri üçün regionlardakı hotellərdə rezervasiyaların doluluq səviyyəsi 60 faizi keçib və tətil günləri yaxınlaşdıqca bu göstəricinin 90 faizə çatacağı gözlənilir. Bununla yanaşı, ölkə xaricinə səfər edən turistlərin sayı da artmaqdadır. Xüsusilə qrup turlarına üstünlük verən yerli turistlər Avropa və ekzotik ölkələri seçirlər”,- deyə turizm eksperti əlavə edib.
K.Hənifəyev vurğulayıb ki, yaz mövsümündə paytaxtda keçirilən beynəlxalq tədbirlər və idman yarışları da turizm sektoruna müsbət təsir göstərir.