Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçı Qəbələdə keçirilib. Lider "Sabah" Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu "qırmızı-qaralar"ın qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas fikirlərini jurnalistlərlə bölüşüb:
"Əvvəlcə oyuna görə hər iki komandaya təşəkkür edirəm. Öz komandama qələbə üçün xüsusi təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım idi. Rəqibin oturuşmuş müdafiəsini yarmaq bizim üçün çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. İkinci hissənin əvvəlində daha yaxşı çıxış etdik. Qol vurduq. İkinci qolu da vura bilərdik. Oyunun son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" bütün gücü ilə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Bu oyunu unudub "Kəpəz"lə oyuna hazırlaşmalıyıq."
Kamil Xudiyev