AZ

Bu həkimlər niyə işindən azad edilir?

Dövlət tibb müəssisələrində stomatoloji xidmətlərin təşkili ilə bağlı son dövrdə aparılan dəyişikliklər və ştat optimallaşdırılması prosesi diqqət çəkir. Bəs stomatoloqların ixtisar olunmasına səbəb nədir?TƏBİB-in Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində sığortaolunan şəxslərə tibbi xidmətləri ödənişsiz təqdim edir, zərfə daxil olmayan xidmətlər isə ödənişli əsaslarla göstərilir və tariflər müvafiq qərarlarla tənzimlənir: “Stomatoloji xidmətlərin böyük hissəsi — 149 adda xidmət icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Aparılan təhlillər zamanı regionlar üzrə stomatoloqların iş yükü, xidmət həcmi və real ehtiyac göstəriciləri araşdırılıb və bəzi hallarda xidmət təklifinin tələbatdan artıq olduğu, resursların qeyri-səmərəli istifadə edildiyi müəyyən edilib. Həmçinin bəzi hallarda ödənişlərin tam nağdsız rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı bildirilib. Araşdırmalar nəticəsində məlum olub ki, stomatoloji xidmətlərin göstərilməsi üçün tələb olunan xərclər bu sahədən əldə edilən gəlirləri üstələyir. Bu səbəbdən xidmətlərin əvvəlki həcmdə davam etdirilməsi iqtisadi baxımdan səmərəli sayılmır və optimallaşdırma tədbirlərinin görülməsi zəruri hesab olunur”. Rəsmi açıqlamada vurğulanır ki, bu əsaslara uyğun olaraq bəzi tibb müəssisələrində stomatoloqların ştat sayının azaldılması və ixtisar edilməsi həyata keçirilir və bu proses əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
89
1
metbuat.az

2Mənbələr