AZ

Tramp və Xamenei görüşəcəklərmi? İran ABŞ münasibətlərində yeni mərhələ və şərtlər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran və ABŞ arasında gərgin diplomatik proses yeni mərhələyə qədəm qoyur. Tərəflər arasında danışıqların növbəti raundunun sabah - 17 fevralda İsveçrənin Cenevrə şəhərindəki Oman səfirliyində keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində İranın xarici işlər nazirinin Silahsızlanma Konfransında çıxışı da gözlənilir. Eyni zamanda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərliyi ilə təmas ehtimalı diplomatik gündəliyin daha da intensivləşdiyini göstərir. Danışıqlar fonunda regionda siyasi ritorika isə sərtləşməkdə davam edir. İsrailin Baş naziri Benyamin Netanyahu İranla mümkün razılaşmaya şübhə ilə yanaşdığını açıq şəkildə bəyan edib və hər hansı sazişin konkret, sərt şərtlər əsasında qurulmalı olduğunu vurğulayıb.

Vaşinqtonun mövqeyinə gəlincə, Prezident Donald Tramp diplomatiyanın prioritet olduğunu bildirsə də, hərbi variantın masada qaldığını da inkar etmir. ABŞ administrasiyasının danışıqlar nəticəsiz qalacağı təqdirdə İsrailin mümkün zərbələrinə dəstək verə biləcəyi barədə məlumatlar regionda risklərin artdığını göstərir.

Eyni zamanda, Birləşmiş Ştatların dövlət katibi Marko Rubio prezidentin böhranın həlli üçün birbaşa təmasa - ali dini lider Əli Xamenei ilə görüşə hazır olduğunu bildirib. Bu isə tərəflər arasında həm təzyiq, həm də dialoq elementlərinin paralel şəkildə davam etdiyini göstərir. Beləliklə, Cenevrədə planlaşdırılan görüş yalnız növbəti diplomatik mərhələ deyil, həm də Yaxın Şərqdə təhlükəsizlik balansının gələcək istiqamətini müəyyən edə biləcək kritik bir sınaq kimi qiymətləndirilir.

Vaşinqton və Tehran arasında münasibətlər uzun illərdir etimadsızlıq mühitində davam edir.

Hazırda isə həm diplomatik kanallar açıq saxlanılır, həm də hərbi ritorika gücləndirilir. ABŞ prezidenti Donald Trampın hərbi variantın gündəmdə qalması ilə bağlı açıqlaması və bölgəyə əlavə hərbi qüvvə göndərilməsi barədə qərarı Vaşinqtonun təzyiq siyasətini davam etdirdiyini göstərir.

İsrailin Baş naziri Benyamin Netanyahunun sərt mövqeyi isə prosesə əlavə gərginlik qatır. Rəsmi Tel-Əviv İranın zənginləşdirmə imkanlarının tam aradan qaldırılmasını, ballistik raket proqramına məhdudiyyətlərin tətbiqini və regiondakı təsir mexanizmlərinin zəiflədilməsini əsas şərt kimi irəli sürür. İsrail üçün məsələ yalnız nüvə proqramı deyil, ümumilikdə təhlükəsizlik arxitekturasıdır. Bu baxımdan, danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ administrasiyası İsrailin mümkün hərbi addımlarına dəstək verə biləcəyi istisna edilmir ki, bu da riskləri daha da artırır.

Bütün bunların fonunda isə onsuz da problemlərin məngənəsində boğulan İranın daxilində sabitlik də qeyri-müəyyən olaraq qalır. Sanksiyaların paralelində inflyasiya və sosial təzyiq hökumət üçün əlavə çağırışlar yaradır. İrandakı son etirazlardan sonra isə rəsmi Tehranın başı üzərindəki qara buludların çoxaldığı da sirr deyil.

Bu baxımdan, danışıqların müsbət nəticəsi sanksiyaların qismən yumşaldılması və iqtisadi nəfəslik imkanı yaratdığı qədər, bunun əksi İslam Respublikasını daha da dalana dirəyə bilər. Çünki İran rəhbərliyi uranın zənginləşdirilməsi və Qərbin təzyiqi ilə bundan imtina edilməyəcəyini milli maraqlar və suverenlik məsələsi kimi təqdim edir, ona görə də tamamilə geri addım atmaq istəmir. Bu isə kompromis imkanlarını məhdudlaşdırır. Nəticədə həm İranın gələcəyi sual altında qalır, həm də İsrail-ABŞ cütlüyünün İranla mümkün yeni qarşıdurmasını gündəmə gətirir.

Hazırkı mərhələdə tərəflərin tammiqyaslı müharibədə maraqlı olmadığı görünür, daha çox təzyiq və təhdid dili ilə danışaraq eskalasiya olmadan şərtləri qəbul etdirmək cəhdi müşahidə edilir. Bununla belə, ritorikanın sərtləşməsi göstərir ki, diplomatik proses kritik mərhələyə daxil olub. Cenevrə görüşünün yekun razılaşma ilə nəticələnməsi çətin görünsə də, müzakirələrin davam etdirilməsi barədə qərarın özü belə, gərginliyin müəyyən qədər nəzarətdə saxlanması baxımından əhəmiyyətlidir. Bu kontekstdə proseslərin gedişatı həm də sabahkı görüşün nəticəsindən asılı olacaq.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
oxu.az

1Mənbələr