AZ

2022-2028-ci illər üzrə Dövlət Proqramında müsahibə mərhələsinin qaydaları açıqlanıb

Bakı, 16 fevral, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nda müsahibə mərhələsi 20 dəqiqədən çox olmayaraq həyata keçirilir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məlumat verib. O bildirib ki, müsahibə 3 ekspertin iştirakı ilə keçirilir və bu mərhələdə namizədlərin bilik və bacarıqları, özünü inandırma qabiliyyəti, eləcə də kommunikasiya bacarıqları qiymətləndirilir: “Müsahibə mərhələsində maksimum bal 50, keçid balı isə 40-dır. Keçid balını toplayan namizədlər müsabiqə mərhələsinə buraxılırlar. Müsabiqə isə müraciət edənlərin sayı ayrılmış kvotadan çox olduqda tətbiq olunur”.

Turan Topalova qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 15 prioritet ixtisas istiqaməti üzrə təhsil almaq mümkündür: “Bu istiqamətlər hər il yenilənir və Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan proqram siyahısında əks olunur. Cari il üzrə siyahıya 33 ölkəni əhatə edən 231 universitet üzrə ümumilikdə 4121 təhsil proqramı daxil edilib.

Bununla yanaşı, beynəlxalq universitetlərin reytinq cədvəllərində ilk onluqda yer alan ali təhsil müəssisələrinə istənilən ixtisas üzrə qəbul almış şəxslər də Dövlət Proqramına müraciət etmək hüququna malikdirlər”.

Seçilən
104
1
azertag.az

2Mənbələr