AZ

Çin avtomobili almaq istəyənlərin DİQQƏTİNƏ! Qiymətlər bu qədər ARTACAQ

ain.az, Baku.ws saytına istinadən bildirir.

Son aylarda Çindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. Avtomobil bazarındakı dinamika göstərir ki, əvvəlki illərlə müqayisədə idxal tempi zəifləyib və kütləvi gətirilmə mərhələsi artıq geridə qalır. Mütəxəssislər bu dəyişiklikdə əsas faktor kimi gömrük siyasətində edilən yenilikləri göstərirlər.

Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən avtomobillərlə bağlı bir sıra gömrük güzəştləri ləğv olunub. Bu qərar idxal xərclərinə birbaşa təsir edib və nəticədə Çin istehsalı avtomobillərin son satış qiymətlərində artım qeydə alınıb. Əvvəllər qiymət üstünlüyü ilə seçilən bu modellər artıq bazarda əvvəlki qədər əlçatan hesab edilmir.

İqtisadçı ekspert Vüqar Oruc BAKU.WS-ə bildirib ki, güzəştlərin dayandırılması avtomobillərin qiymətində orta hesabla 5-10%, bəzi hallarda isə 15%-ə qədər artıma səbəb olub. Bu artım alıcıların büdcəsinə təsir göstərdiyindən Çin avtomobillərinə müraciətlərin sayı azalıb.

Ekspert qeyd edir ki, bazar tələbinə uyğun olaraq artıq əvvəlki kimi kütləvi idxal həyata keçirilmir, əsasən seçilmiş, daha çox tələbat olan modellər ölkəyə gətirilir. Bundan başqa, bazarda kifayət qədər Çin avtomobili mövcuddur və bu da yeni idxala olan ehtiyacı müəyyən qədər azaldır.

V.Orucun sözlərinə görə, gömrük rüsumları və digər güzəştlərin ləğvi yeni gətirilən avtomobillərin qiymətini yüksəldib. Əvvəllər yeni avtomobillər ikinci əl bazarı ilə müəyyən çərçivədə rəqabət aparırdısa, hazırda qiymət fərqi artıb və alıcılar daha çox işlənmiş avtomobillərə üstünlük verirlər.

Ekspert vurğulayır ki, mövcud vəziyyət birbaşa rüsum siyasəti ilə bağlıdır və 2026-cı ildə qiymət artımını azaltmağa yönəlmiş xüsusi proqram nəzərdə tutulmayıb. Ümumilikdə artan xərclər və digər iqtisadi amillər də avtomobil bazarında bahalaşmanı şərtləndirən əsas səbəblər sırasındadır.

Beləliklə, gömrük güzəştlərinin ləğvi Çin avtomobillərinin qiymətinin artmasına gətirib çıxaracaq.

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
baku.ws

3Mənbələr