ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Astana, 16 fevral, AZƏRTAC
Xəzər dənizi və onun su ehtiyatları Xəzər regionu ölkələrinin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın Xəzəryanı ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı Xəzərin dəniz mühitinin qorunması haqqında Çərçivə Konvensiyası (Tehran Konvensiyası) çərçivəsində uğurla həyata keçirilir.
Nazir qeyd edib: “Tehran Konvensiyasının həyata keçirilməsi üçün Qazaxıstan ona əlavə edilən dörd Protokolu ratifikasiya edib və hazırda Xəzər dənizinin dəniz mühitinin vəziyyəti haqqında monitorinq, qiymətləndirmə və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasına əlavə olunan Protokol layihəsinin razılaşdırılması üzərində iş aparılır”.
Yerlan Nısanbayev bildirib ki, hazırda təkcə Qazaxıstanın deyil, bütün Xəzəryanı ölkələrin üzləşdiyi əsas ekoloji problem son 30 ildə dəniz səviyyəsinin davam edən azalmasıdır.
Nazir vurğulayıb: “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu məsələni çoxsaylı beynəlxalq forumlarda dəfələrlə qaldırıb və ötən il sentyabrın 8-də Qazaxıstan xalqına müraciətində Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqramın hazırlanmasına başlamaq lazım olduğunu qeyd edib. Bu baxımdan, artıq həmin məsələ ilə bağlı Xəzəryanı ölkələrin ətraf mühit qurumları, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə işlərə başlanılıb. Bundan əlavə, bu ilin 22-24 aprel tarixlərində Astanada Regional Ətraf Mühit Zirvəsinin keçirilməsi planlaşdırılır. Dəniz səviyyəsinin aşağı düşməsi kontekstində Xəzər regionunun üzləşdiyi əsas problemləri müzakirə etmək, eləcə də ölkələrin onları həll etmək üçün görməli olduqları tədbirləri əlaqələndirmək məqsədilə plenar iclasın keçirilməsi nəzərdə tutulur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.