Yer üzündə ən soyuq və ən isti nöqtələr açıqlanıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, son sutka ərzində planetdə ən aşağı hava temperaturu Rusiyanın Antarktidadakı “Vostok stansiyası” elmi stansiyasında qeydə alınıb. Burada temperatur -55,8°C-yə qədər enib.
Sinoptiklərin bildirdiyinə əsasən, “Vostok” son 24 saatda dünyanın ən soyuq nöqtəsi olub. Ən şaxtalı ilk üçlükdə yer alan digər iki məntəqə də Rusiya ərazisində yerləşir.
Belə ki, Çukotkada yerləşən İlirney kəndində temperatur -52°C-yə düşüb. Yakutiyanın məşhur soyuq nöqtələrindən olan Oymyakonda isə -48,9°C qeydə alınıb.
Eyni dövrdə Yer üzündə ən isti məkan Misirin paytaxtındakı Qahirə Beynəlxalq Hava Limanı olub. Burada hava +42°C-yə qədər isinib. Eyni göstərici ilə Mozambikin Beyra şəhəri də ən isti üçlükdə yer alıb. Nigerin paytaxtı Niameydə yerləşən Niamey Beynəlxalq Hava Limanında isə temperatur +40,7°C olub.
Bundan əvvəl isə Sankt-Peterburqda qış mövsümünün əvvəlindən bəri ən aşağı temperatur qeydə alınıb. Fevralın 15-i səhər saat 09:00-a olan məlumata görə, şəhərin mərkəzində temperatur -23,5°C təşkil edib. Şəhərin böyük hissəsində isə göstərici -25°C-dən aşağı olub.
Nuriyyə NATİQQIZI