AZ

Emin Hüseynov Azərbaycanı tərk edərkən nə baş verib? – Nadir FAKT

Fevralın 13-də işinə başlayan 62-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2026) bir çox detallarla yadda qaldı. Azərbaycan ictimaiyyəti konfrans binasının kənarında baş verən epizodik, amma çox mühüm olaylara şahidlik etdi.

Turkustan.az bildirir ki, öncə Prezident İlham Əliyev Azərbaycan telekanallarının Münhenə ezam olunmuş müxbirlərinə ayaqüstü müsahibə verdi.

Bu müsahibədən sonra İsveçrədə yaşayan jurnalist Emin Hüseynov İlham Əliyevə sual vermək istədi. O, özünü müstəqil mətbuatın nümayəndəsi kimi təqdim etdi. Prezident Əliyev isə ona “dünyada müstəqil mətbuat yoxdur” cavabını verdi.

Emin Hüseynov Konfransın keçirildiyi binanın önündə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya da sual vermək istədi. M.Əliyeva onu səfirlikdə qadın paltarı geyinib, gizlənən şəxs kimi xatırladığını, sonra isə ona can sağlığı arzuladığını dedi. Bu cavabı əks etdirən video sosial şəbəkələrin Azərbaycan seqmentində sürətlə yayıldı. Mehriban Əliyevanın bu sərrast və soyuqqanlı cavabı ölkə ictimaiyyəti tərəfindən alqışla qarşılandı.

Emin Hüseynov Bakıda jurnalist kimi fəaliyyət göstərib. O, “Turan” İnformasiya Agentliyində reportyor vəzifəsində çalışıb. Sonradan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) adlı təşkilat yaradıb. Hüquq müdafiəçisi kimi fəaliyyət göstərdiyi vaxtlarda xarici fondlardan külli miqdarda qrant alıb. 2014-cü ildə Azərbaycan Baş Prokurorluğunun xaricdən alınan qrantlarla bağlı araşdırma aparmasından sonra bu sahədə çox ciddi vergidən yayınma faktları ortaya çıxdı. Xeyli hüquq müdafiəçisi, QHT təmsilçisi, jurnalist adı ilə fəaliyyət göstərən şəxs istintaqa cəlb edildi. Həmçinin məlum oldu ki, QHT, hüquq müdafiəçiliyi, jurnalist adı altında xarici xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edilir. Bu araşdırmalar zamanı Emin Hüseynovun da böyük məbləğdə vergidən yayındığı üzə çıxdı. Onun barəsində cinayət işi açılandan sonra ABŞ-ın Bakıdakı səfirliyinə üz tutsa da oradan rəddcavabı aldı. Daha sonra İsveçrə səfirliyi ona sahib çıxdı. E.Hüseynov istintaqdan yayınaraq səfirlikdə 10 ay qala bildi. Onun diplomatik nümayəndəliyə gedərkən tanınmamaq üçün kamuflyaj olunduğu deyilir.

Sonradan İsveçrə Xarici İşlər Nazirliyi onun Bakıdan çıxarılması üçün Azərbaycan tərəfinə müraciət etdi. Rəsmi Bakı bu müraciətə humanitar prinsipləri rəhbər tutaraq müsbət cavab verdi. E.Hüseynov 2015-ci ilin iyununda təyyarə ilə İsveçrəyə aparıldı. İndiyə kimi orada yaşayır. Hələ o vaxtlar deyilirdi ki, Emin Hüseynov Azərbaycan Respublikasının vətəndaşlığından çıxarıldıqdan sonra isveçrəlilərə təhvil verilib.

Bu, müasir Azərbaycan tarixi üçün nadir fakt hesab oluna bilər. Belə ki, bənzər taleyi daha əvvəl özünü “talış muğan respublikası” adlı qondarma qurumun “prezidenti” elan etmiş, dövlətə qarşı ağır cinayətlərdə suçlanaraq ömürlük həbs cəzası almış Ələkrəm Hümbətov yaşamışdı. O da 1994-cü ildə Niderlanda təhvil veriləndə vətəndaşlıqdan çıxarılmışdı. Son 30 ildə cəmi iki tanınan şəxsin Azərbaycan vətəndaşlığından çıxarıldığı məlumdur. Hər ikisi də ağır cinayətdə ittiham olunurdu. Ələkrəm də Emin kimi ölkədən getdikdən sonra Azərbaycan əleyhinə iş apardı. O, separatizmi təbliğ edirdi. Bunun üçün Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan belə çəkinmirdi. Ələkrəm Hümbətov 2022-ci ilin dekabr ayında Niderlandda öldü. Emin Hüseynov 11 ilə yaxındır ki, İsveçrənin Cenevrə şəhərində yaşayır…

P.S. Son məlumatlara görə 2015-ci ildə Emin Hüseynovun vergi borcunu İsveçrə hökuməti bağlayıb. Onun Azərbaycan vətəndaşlığından çıxarılmasının da məhz İsveçrə tərəfinin istəyi ilə baş tutduğu deyilir. Bu haqda politoloq Yeganə Hacıyeva özünün Facebook hesabında paylaşım edib. Politoloq bildirir ki, hər iki faktın gizli qalmasını isveçrəli rəsmilər istəyib. Y.Hacıyeva paylaşımını bu sual cümlələri ilə bitirir: “İndi məncə, İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları İsveçrənin vergi ödəyicilərinin hesabına ödənilmişdi? Emin Hüseynovun karyerasında və sonrakı fəaliyyətində İsveçrə dövlətinin rolu hansıdır?”./Globalinfo.az

Seçilən
4
2
turkustan.az

3Mənbələr