AZ

"Sevimli ev heyvanım evdə tək ölsəm, məni doğrudanmı yeyər?" - "Popular Science" (ABŞ)

"İnstinkt, tək qalmaq və ac qalmanın sərt həqiqəti..."

Qəfil ölüm və bağlı qapı arxasında qalan it-pişiklərin davranışı xəyanət deyil, biologiyadır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "polulyarscience.com" nəşri yazıb.

Nəşr yazır ki, it və pişiklər qəfil vəfat etmiş sahibini yeməyə başlaya bilər. Bu, qəddarlıq və ya "xəyanət" deyil, ekstremal şəraitdə instinktin üstün gəlməsidir. Yanvar ayında Buxarest şəhərində 34 yaşlı qadının meyiti tapılıb, cəsədin bir hissəsini onun iki mopsu yeyib. Beş gün ac qalan heyvanlar sağ qalma refleksi ilə hərəkət edib.

Mütəxəssislər deyir: hətta ən mehriban pişik və ya ən sakit it də belə vəziyyətdə eyni addımı ata bilər. Kriminalistlər artıq evdə it və ya pişik olub cəsəd bir neçə gün qaldıqda, standart olaraq diş və caynaq izləri axtarırlar. Hətta məhkəmə-tibb ekspertləri üçün ölüm sonrası dişləmələri zorakılıq izlərindən ayırmağa dair metodik tövsiyələr mövcuddur.

"Siz artıq ət iyi verirsiniz": instinkt necə işə düşür?

"Cornell University"-dən baytar Lena DeTar izah edir: qab boşdur, sahib qalxmır - instinkt işə düşür. "Bu, xəyanət deyil. Sadəcə siz hərəkətsizsiniz, ət iyi verirsiniz və mən acam". Onun sözlərinə görə, belə  hallarda heyvanlar çox vaxt mənzildə günlərlə, həftələrlə qapalı qalır, yeməksiz və ümidsiz vəziyyətdə olur. Qurbanlar isə əksər hallarda tənha yaşlı insanlardır.

Son 60 ildə itlərin ölüm sonrası gəmirilməsi ilə bağlı təxminən 40 hadisənin təhlili göstərib ki, meyit həftələrlə qaldıqda aclıq öz sözünü deyir. Bəzən heyvan bir gün də gözləmir. "University College London"-dan məhkəmə antropoloqu Kerolin Rando xatırlayır: it əvvəlcə sahibinin üzünü yalayır, sanki oyatmağa çalışır, sonra dişləməyə başlayır. Qan qoxusu prosesi sürətləndirə bilər. "İnsan yıxılır, heyvan burnu ilə toxunur, cavab gözləyir. Cavab gəlməyəndə isə nəsə baş versin deyə üz nahiyəsini dişləməyə başlayır".

Kim daha təhlükəlidir - pişik, yoxsa it? Ölçü və şərait həlledicidir

Məşhur mübahisə burada başqa çalar alır. Rando qeyd edir ki, çoxları pişiyin daha tez "dadacağını" düşünür. Lakin faktiki hallarda itlər daha tez-tez və daha aqressiv davranır. "Pişik daha çox burun, üz, barmaq uclarını gəmirər. İtə vaxt və imkan verilsə, bütövlükdə yeyə bilər". Bu, "pislik" deyil, biologiyadır. İtlər təbiətcə leşlə də qidalana bilən canlılardır, pişiklər isə divanda böyüsə də, təbii ovçudur".

Küçə pişiyi siçan və ya həşərat tuta bilər, it isə sahibindən asılıdır. Əvvəlcə qabı yoxlayır, yem qalmayıbsa, sağ qalmaq üçün başqa çıxış axtarır. Ölçü də rol oynayır: iri it həm əti, həm də sümüyü parçalaya bilər, balaca pişiyin insanı "ov" kimi qəbul etməsi isə az ehtimallıdır.

Mütəxəssislər heyvanların patoloji yığılması hallarına da diqqət çəkir: onlarla pişik və itin antisanitar, qida çatışmazlığı olan mənzildə saxlanılması riski qat-qat artırır. 69 yaşlı kişinin 30-a yaxın pişiklə yaşadığı zibilli evdə ölümündən sonra tapılan cəsəddə yumşaq toxumaların böyük hissəsi yox idi.

Lena DeTar sosial xidmətlərlə birgə belə evlərdə sterilizasiya, məsləhət və yerləşdirmə işləri aparır. "Bu, fəlakətin nəticələrinin aradan qaldırılmasıdır", - o, deyir. Onun fikrincə, problem təkcə antisanitariya deyil, həddindən artıq bağlılıqdır: insanlar "xilas etdiklərini" düşünür, amma nə xəstəliyi, nə də aclığı görürlər.

Nəticə sadədir: heyvanların sahibini yeməsi nadir, amma real ssenaridir və bunun qarşısını almağın yolu sosial təcridin, nəzarətsiz yığımın və uzunmüddətli tənhalığın qarşısını almaqdır. Ev heyvanları ailədir. Lakin ailə də, xüsusən də bağlı qapı arxasında günlərlə ac qaldıqda instinktə tabedir.

Seçilən
26
1
moderator.az

2Mənbələr