AZ

Bir quşun 1,6 milyon il əvvəl yaratdığı möcüzə

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Karib hövzəsində yerləşən Haitinin cənub-qərbindəki dağ silsiləsi çoxsaylı və müxtəlif bitki növləri ilə seçilir.

Qaynarinfo "Discover Wild Life" nəşrinə istinadən xəbər verir ki, burada bir çox unikal bitki növünün yaranması qədim quşların miqrasiya marşrutları ilə bağlı olub və bu, təkamüldə sıçrayışa səbəb verib.

Linneyev Cəmiyyətinin Botanika jurnalında dərc olunmuş araşdırma göstərib ki, Haitidəki kiçik bir dağ silsiləsi Karib hövzəsində demək olar bütün digər ərazilərlə müqayisədə daha yüksək bitki müxtəlifliyinə malikdir.

Ümumilikdə Karib adaları dünyada bitki biomüxtəlifliyinin ən zəngin 36 nöqtəsindən biri hesab olunur. Endemik bitki növlərinin 1/3-i Espanola adasına (Haiti və Dominikan Respublikası bu adada yerləşir) düşür, yəni bu növlər yalnız burada mövcuddur. Həmin ada daxilində "Massif de la Hotte" dağları endemik növlərin xüsusilə yüksək konsentrasiyası ilə seçilir.

"Bu, biomüxtəliflik nöqtəsinin içində başqa bir biomüxtəliflik nöqtəsidir”, deyə Florida Beynəlxalq Universitetindən Endryu Naranxo bildirib.

Alimlər bu qədər müxtəlif növün niyə məhz burada cəmləşdiyini anlamaq üçün Espanoladakı melastomları – toxumları əsasən quşlar vasitəsilə yayılan tropik bitkiləri – araşdırıblar.

Adada 130 endemik melastom növü qeydə alınıb. Bitkilərin DNT-sini və tarixi məlumatları təhlil edən tədqiqatçılar müxtəlif növlərin nə vaxt və harada təkamül etdiyini göstərən genealoji ağac tərtib ediblər.

Müasir melastomların bir çox əcdadı Kubadan gəlib. Milyonlarla il əvvəl quşlar bu bitkilərin meyvələrini yeyərək toxumları dağlıq La Hotte massivinə daşıyıblar. Haitiyə uçduqdan sonra toxumlar cücərib və zamanla yeni növlər formalaşıb. Bu proses ən azı 19 dəfə baş verib. Hallardan birində ilkin növ təkamül edərək 18 yeni növ yaradıb.

Toxumu daşıyan konkret quş təxminən 1,6 milyon il əvvəl 100 kilometrlik məsafə qət edib. Beləliklə, tədqiqat təkcə bitki biomüxtəlifliyini deyil, həm də həmin quşların əcdadlarının mümkün uçuş marşrutlarını üzə çıxarır.

Araşdırma Karib hövzəsi boyunca müxtəlif və gözlənilməz qədim uçuş istiqamətlərini də müəyyən edib: Espanola və Kubadan Yamayka və Puerto-Rikoya, həmçinin Kubadan Kiçik Antil adalarına qədər uzanan marşrutlar aşkarlanıb.

Hazırda iqlim dəyişikliyi və meşələrin qırılması "Massif de la Hotte" bölgəsindəki bitkilər üçün təhlükə yaradır. Melastomların əksəriyyəti dəniz səviyyəsindən bir kilometrdən yüksək ərazilərdə yaşayır. Temperatur artdıqca onlar getdikcə qayalarla boş səma arasında sıxışıb qalırlar. Alimlər ümid edirlər ki, əldə olunan nəticələr bu unikal bitkilərin qorunmasına töhfə verəcək.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
qaynarinfo.az

1Mənbələr