İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Seyid Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara başlamaq barədə dediklərinə cavab verib.
Bazar günü keçirilən mərasimdə general Musəvi ABŞ Prezidentinin İrana qarşı hərbi əməliyyatlara başlamaqla bağlı son təhdidlərinə cavab olaraq iki dəfə düşünməyi məsləhət görüb. O, ABŞ Prezidentinin İran əleyhinə çıxışlarını "əgər həqiqətən İranla danışıqlar aparmaq istəyirsə, edilməməli olan alçaldıcı şərhlər" adlandırıb.
"Əgər Tramp həqiqətən müharibə istəyirsə, niyə danışıqlar məsələsini qaldırır?",- deyə o bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Trampa xəbərdarlıq edib:"Müharibə başlayarsa, İran Trampa unutmayacağı bir dərs verəcək".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, İranda rejim dəyişikliyi baş verə biləcək ən yaxşı şey olardı.
“Reuters” daha sonra mənbələrə istinadən bildirib ki, ABŞ ordusu İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır. Əgər danışıqlar uğursuz olarsa, bu barədə qərar veriləcək.