AZ

Elgiz Kərəmliyə “Şəfa” – “Səbail” matçından sonra rəhbərlikdən zəng gəlib –“işimizi layiqincə görürük”

“Şəfa” 1-ci liqanın 14-cü turunun matçında “Səbail”in meydanından qolsuz “sülh”lə ayrıldı. Komandanın həm paytaxt derbisi, həm də çempionluğa iddialıların dueli kimi xarakterizə edilən görüşdə xal itirməsi baş məşqçi Elgiz Kərəmlinin istefa verəcəyi haqda iddiaların yayılmasıyla nəticələndi.

Bu mövzuda fikirlərini öyrənmək məqsədilə mütəxəssislə əlaqə saxladıq. Elgiz bəyin “Football-plus.az”a cavabı:

“Boş söhbətdi. Rəhbərlikdən zəng edib bu barədə məni xəbərdar ediblər. Klub sahibləri sözünün üstündə dayanan şəxslərdi. Onları uzun müddətdi tanıyıram. Rahatam. İşimizi layiqincə görürük, liderik. Ən çox qol vuran, ən az qol buraxan komandayıq. Mən “Şəfa”ya gələndən sonra komanda cəmi bir dəfə uduzub. Və “Qəbələ”yə məğlub olmaq normaldı. Legionersiz oynayırıq. Ancaq uğursuz olsaq, bu haqda şayiələr yayıla bilər. Hətta rəhbərlik mənimlə yolları ayırmaq da istəyər. Bunu normal qarşılayaram”.

Xatırladaq ki, “Şəfa” 32 xalla birinci sıradadı. Paytaxt təmsilçisi ən yaxın izləyicisi “Baku Sportinq”dən 3 xal irəlidədi.

KƏNAN BAHADIR
Seçilən
114
football-plus.az

1Mənbələr