AZ

“Terrorsuz Türkiyə”: TBMM də problemin həlli yolları müzakirə olunur ANALİTİKA

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 15 fevral, AZƏRTAC

Türkiyə tədricən Kürdüstan Fəhlə Partiyasının (PKK) terror məsələsinin yekun həllinə yaxınlaşır ki, bu da terrorizmə qarşı mübarizəyə sərf olunan resursları azad edəcək, təhlükəsizliyi və milli harmoniyanı gücləndirəcək. Bu, Türkiyəni öz məqsədlərini daha proaktiv şəkildə həyata keçirmək yoluna çıxaracaq.

AZƏRTAC xəbər verir ki, PKK terror təhdidi 1984-cü ildən bəri Türkiyədə davam edir və on minlərlə vətəndaşın həyatına son qoyub, milli iqtisadiyyata təxminən 2 trilyon dollar ziyan vurub.

Vəziyyət 2024-cü ilin sonlarında, Ankaranın “Terrorsuz Türkiyə” təşəbbüsünü fəal şəkildə müzakirə etməyə başlaması ilə dəyişib.

2025-ci ilin may ayının əvvəlində PKK terrorçuları özlərini buraxdığını elan ediblər. Həmin ilin iyul ayında Şimali İraqda fəaliyyət göstərən bir qrup yaraqlı cinayətkar fəaliyyətə son qoymaq öhdəliyinin əlaməti olaraq silahlarını nümayişkaranə şəkildə məhv ediblər.

“Terrorsuz Türkiyə” məqsədlərinə çatmaq yolunda mühüm addım terrorizm probleminin yekun həlli üçün təşəbbüslərin hazırlanmasını özündə ehtiva edən “Milli həmrəylik, qardaşlıq və demokratiya” adlı parlament komissiyasının yaradılması oldu.

Mediada yayılan məlumatlara görə, Türkiyə Böyük Millət Məclisi (TBMM) komissiyasının üzvləri tezliklə ölkənin aparıcı siyasi qüvvələrinin nümayəndələri tərəfindən imzalanacaq birgə hesabatın yekun layihəsini təsdiqləmək üçün toplaşacaqlar.

Bu arada, komissiyada təmsil olunan partiyaların koordinatorları birgə hesabatın mətnini nəzərdən keçirmək üçün fevralın 16-da TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə keçiriləcək altıncı iclasda iştirak edəcəklər.

Türkiyənin bir sıra nəşrləri TBMM komissiyasından silahlarını yerə qoyan PKK terror təşkilatı üzvlərinin hüquqi statusunu müəyyənləşdirən müvəqqəti qanunun hazırlanmasını təklif edən layihə hesabatı əldə ediblər. “Yaraqlıların evlərinə qayıtması prosesini stimullaşdırmaq” məqsədilə Cinayət Məcəlləsinə, Terrorla Mübarizə Qanununa və ölkənin digər qaydalarına da dəyişikliklər edilə bilər.

Ankara qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi üçün atılan addımların ictimai rəydə “cinayətkar təşkilatların üzvləri üçün tam cəzasızlıq” anlayışı yaratmamalı olduğunu vurğulayır. Terror hücumlarında iştirak etməyən yaraqlıların dindirildikdən sonra və beş ilə qədər qüvvədə olacaq səyahət qadağası şərti ilə normal həyata qayıda biləcəkləri gözlənilir.

Türkiyə hərbi qulluqçularına hücumlarda və digər cinayətlərdə iştirak edənlərin cəzalarının dəyişdirilməsi üçün rəsmi orqanlara müraciət etmək üçün bir il vaxtı olacaq. Əfv məsələsi müzakirə olunmur.

Lakin qanunvericilik dəyişikliklərindən yalnız keçmiş PKK terror təşkilatının üzvləri yararlana biləcək, “Paralel dövlət” (FETÖ) kimi digər cinayətkar təşkilatlarla əlaqəli şəxslər isə qanunun tam çərçivəsində məsuliyyətə cəlb olunmağa davam edəcəklər. Başqa sözlə, Türkiyə qanunvericiliyindəki dəyişikliklər “presedent” yaratmayacaq.

PKK lideri Abdullah Öcalanın özü isə heç bir halda Cinayət Məcəlləsinin şərti azadlığa buraxılma müddəalarından yararlana bilməyəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda hökumətin “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə çatmaq üçün sarsılmaz öhdəliyini bir daha təkrarlayıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKParti) Ankarada keçirilən idarə heyətinin son iclasından sonra Türkiyə lideri hökumətin parlamentdəki müzakirələri yaxından izlədiyini qeyd edib. “Bu gün müəyyən edilmiş istiqaməti qorumaq və manipulyasiya və təxribatlardan qaçmaq əvvəlkindən daha çox vacibdir. “Terrorsuz Türkiyə” prosesində geri dönüş yoxdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Dövlət başçısı, həmçinin İmralı adasında ömürlük həbs cəzası çəkən PKK terror təşkilatının lideri Abdullah Öcalanı ziyarət edən bir qrup DEM partiyası rəsmisini qəbul edib. Bir saatlıq görüşün yekununda verilən birgə bəyanatda “Terrorsuz Türkiyə” məqsədinə doğru addımlar atmağa davam etmək üçün ortaq iradə vurğulanıb. Etibar atmosferi yaratmaq üçün addımları gücləndirməyin zəruriliyi də qeyd olunub.

Türkiyə Milli Təhlükəsizlik Şurasının son iclasında da terrorizmə qarşı mübarizə prioritet olub. Milli Təhlükəsizlik Şurası terror təhlükəsi ilə mübarizə kursunun dəyişməz qaldığını və bunun təkcə Türkiyədə deyil, bütün bölgədə sülh, sabitlik və inkişaf üçün vacib olduğunu bildirib.

Ekspertlər və analitiklər PKK məsələsinin yekun həllinin Türkiyənin regionda və beynəlxalq səviyyədə mövqeyinə güclü təkan verəcəyi ilə razılaşırlar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr