AZ

Luka Modriç A Seriyasının tarixinə düşdü – ARENA.AZ

Futbol üzrə Xorvatiya milli komandasının və “Milan”ın mərkəz yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının tarixinə düşüb.

Arena.az xəbər verir ki, 40 yaşlı futbolçu bunu 25-ci turun “Piza” ilə səfər oyununun (2:1) 85-ci dəqiqəsində qol vurmaqla reallaşdırıb.

Modriç (40 yaş 157 gün) İtaliya A Seriyasında qol vuran ən yaşlı üçüncü futbolçu olub. O, yalnız Alessandro Kostakurta (41 yaş 25 gün) və Zlatan İbrahimoviçdən (41 yaş 166 gün) geri qalır.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Milan”a keçənə qədər “Real”da çıxış edib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 194 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
13
arena.az

10Mənbələr