Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Day.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-21011" və "Naz Lifan" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Naz Lifan" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1968-ci il təvəllüdlü Bayramov Murad Möhübbət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.